Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
21 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Gənclər Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “22 aprel– Beynəlxalq Yer Günü” ilə əlaqədar Heydər Əliyev Su Anbarının ətrafında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 50 tələbənin iştirakı ilə " Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!" devizi altında təmizlik aksiyası keçirilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, hazırda 150-dən çox ölkədə, o cümlədən Azərbaycanda bu gün qeyd olunur. Muxtar respublikamızda təbiətin mühafizəsi sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur. Vurğulanıb ki, mütəmadi olaraq təşkil olunan bu cür aksiyalar gənclərin bu sahə üzrə maarifləndirilməsinə, onların ekoloji biliklərinin artırılmasına xidmət etməklə bərabər, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların çoxalmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat almasına və ona qayğıkeş münasibət göstərməsinə səbəb olub. Aksiyanın keçirilməsində məqsəd bəşəriyyətin diqqətini yerin ekoloji sisteminin kövrəkliyinə cəlb etmək, insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək, həmçinin gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək və ətraf mühitin mühafizəsinin önəmini diqqətə çatdırmaqdan ibarətdir.