Qədim yaşayış məskənlərindən olan Naxçıvan Muxtar Respublikası mineral sularla çox zəngindir. Hətta bu diyarı dünyanın təbii və mineral sular muzeyi kimi də təqdim etmək olar. Ümumiyyətlə, Azərbaycanda 1000-dən çox isti və soyuq mineral sular var və onların hər birindən öz tərkibinə görə istifadə olunur. Karbon qazlı mineral sular isə başlıca olaraq Kiçik Qafqazda, o cümlədən Naxçıvan regionunda mövcuddur.
Naxçıvan Muxtar Respublikasında mineral su mənbələrinin sayı 225-dir və hazırda onlaın bir neçəsindən intensiv istifadə olunur. Həmin mineral suların mənbələrinin əksəriyyəti, daha doğrusu çox hissəsi Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Əylis çaylarının vadilərində və onların yaxınlığında yerləşir. Bu mineral sular öz kimyəvi tərkibinə görə müxtəlif və rəngarəngdir. Onlardan həm süfrə, həm də müalicəvi su kimi istifadə edilir. Onu da qeyd edək ki, regionun müalicə əhəmiyyətli suları müxtəlif tərkiblərə malikdir.
İndiyədək Ordubad rayonunda 29, Culfada 85, Şahbuzda 50 -dən çox mineral bulaqlar və ya mineral sular aşkar edilmişdir və onların bəzilərindən hazırda geniş istifadə edilir. Babək rayonunda isə 50 müalicəvi su mənbəyi üzrə kəşfiyyat və axtarış işləri həyata keçirilmişdir. Müalicə əhəmiyyətinə görə bu rayonun Sirab, Qahab, Vayxır, Qızılburun, Darıdağ kimi mineral suları çox məşhurdur. Məsələn, “ Sirab-12” az minerallaşmış, soyuq,karbon qazlı və hidro-karbonatlı mineral sudur. “Vayxır-7” mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərdə istifadə edilir. Vayxır, Sirab, Badamlı, Darıdağ, Qızılburun, Nəhəcir mineral sularından isə əsasən içməli su kimi istifadə olunur.
Bu gün muxtar respublikada mineral suların sənaye üsulu ilə istehsalı yüksək səviyyədədir. Hazırda Naxçıvan Muxtar Respublikasında 3 mineral su zavodu fəaliyyət göstərir. "Badamlı" və "Sirab" mineral su zavodları birbaşa su mənbəyinin yanında, digəri isə Naxçıvan şəhərində yerləşir. Həmin zavodlar son illər yenidən qurulmuşdur.
Babək rayonunun Sirab kəndində hasil olunan eyni adlı mineral su 1950 -ci ildən sadə üsulla ayrıca bir sexdə istehsal edilirdi. Sonra burada zavod tikilmişdir. 1993-cü ildən "Sirab" ASC-yə çevrilmişdir. Müəssisə artıq 10 ildən çoxdur ki, bu adla fəaliyyət göstərir. Müasir avadanlıqlarla təmin olunmuş zavodda əsaslı yenidənqurma işləri aparılmışdır.
"Sirab"ın məhsullarına xarici ölkələrdə də tələb ildən-ilə artır. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Litva "Sirab"ın daha çox ixrac olunduğu ölkələrdir.
Şahbuz rayonundakı "Badamlı" mineral sular zavodu da son vaxtlar əsaaslı olaraq yenidən qurularaq müasir avadanlıq və texnogoliyalarla təchiz edilmişdir. Zavodun illik istehsal gücü 2 milyon şüşədir. "Badamlı"nın da həm ölkə daxilində, həm də xaricdə alıcıların sayı getdikcə artır. Lakin bu, Naxçıvan MR mineral su istehsalçılarını qorxutmur, çünki istehsal da artır. Yalnız son 10 ildə Naxçıvanda mineral su istehsalı 3 dəfədən çox artmışdır.