Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvanda könüllülər ekologiyamızı qorumaq məqsədilə aksiyalar keçirib

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində ekologiya könüllüləri “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçiriblər.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyaya 20-yə yaxın ekoloji könüllü qoşulub. Naxçıvançay vadisində baş tutan təmizlik aksiyasında çıxış edənlər qarşıdan gələn Beynəlxalq Könüllülər Günü münasibətilə könüllü gəncləri təbrik edib, keçirilən təmizlik aksiyasının əhəmiyyətinə diqqət çəkiblər. Qeyd olunub ki, ekologiyamızın təmizliyinə yönəlmiş belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, çay hövzələrinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və digər insanlara nümunə olaraq onları da ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan könüllülər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. Tullantılar sanitar qaydalara uyğun şəkildə təmizlik maşınına toplanılıb və kənarlaşdırılıb.        

Aksiya Naxçıvan şəhərindəki “Könüllülər bağı”nda davam etdirilib. Gənclər  burada çalalar qazıb, ağac əkiblər. Bir sözlə, Beynəlxalq Könüllülər Günü ərəfəsində də gənclər öz qayğılarını təbiətdən əsirgəməyib, təmizlik və ağacəkmə aksiyaları keçiriblər.