Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü"nə həsr olunan təmizlik aksiyası keçirilib

4 iyun 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Gənclər Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar Güznüt  gölünün ətrafında 40-a yaxın gəncin iştirakı ilə  təmizlik aksiyası keçirilib. 
Aksiyada  çıxış edənlər  gənclərə “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nün əhəmiyyəti, ətraf mühitin mühafizəsi üçün görülən işlər və gənclərin bu sahədə rolu haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, hazırda bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda, həmçinin muxtar respublikamızda da müxtəlif aksiyalar keçirilərək qeyd olunur. 
Vurğulanıb ki, Muxtar respublikamızda təbiətin mühafizəsi sahəsində görülən işlər və bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.
Çıxışlardan sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Aksiyanın keçirilməsində məqsəd, su hövzələrinin  çirklənməsinin qarşısının alınması, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, həmçinin ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək və ətraf mühitin mühafizəsinin önəmini diqqətə çatdırmaqdan ibarətdir.