Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Gənzə kəndində Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş bitki növlərinin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Zümrüd Hüseynzadə qanunvericiliyin tələbləri, "Qırmızı Kitab"a daxil edilmiş bitkilərin qanunsuz dərilməsi, toplanılması və məhv edilməsinə görə tətbiq olunan inzibati məsuliyyət tədbirləri barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşı Samir Quliyev çıxış edərək "Qırmızı Kitab"a daxil edilmiş bitki növləri, onların yayılma arealları, bioloji xüsusiyyətləri və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, vətəndaşları nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin qorunmasına həssas yanaşmağa çağırıb.
Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.