Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “TerraNext – Gənc Ekoliderlər Proqramı” Naxçıvanda həyata keçirilib.
Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin fəal üzvü Aytac Əliyevanın rəhbərlik etdiyi layihənin tərəfdaşları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, adıçəkilən ictimai birlik və “Naxçıvan Enerji” MMC olub.
Üç gün davam edən proqramın ilk günündə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında “EcoStep” ekoloji düşərgəsi təşkil edilib. Düşərgə çərçivəsində “Yaşıl gələcək naminə: ekoloji məsuliyyət, yaşıl enerji və gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. İştirakçılar Milli Parkın İnformasiya Mərkəzi ilə tanış olub, təbiət müşahidələri aparıb və Mərkəzi Günəş Elektrik Stansiyasına ekskursiya ediblər.
Proqramın ikinci günündə Naxçıvan şəhərində sakinlərə ekoloji maarifləndirici bukletlər paylanılıb. Culfa rayonunda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təmin edilən tinglər əkilib, gənclər ağacların suvarılmasında iştirak ediblər. Günün sonunda iştirakçılar günəş panelləri və külək turbinləri ilə işləyən hibrid enerji stansiyasına baş çəkərək alternativ enerji mənbələri haqqında məlumat əldə ediblər.
Proqramın son günündə yekun tədbir keçirilib. Tədbirdə layihənin nəticələri təqdim olunub, iştirakçılara fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən gənclərin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də onların ekoloji təşəbbüslərinin təşviq olunması istiqamətində həyata keçirilən bu kimi layihələrə dəstək göstərilməsi bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvanda gənclərin ekoloji təşəbbüsləri dəstəklənib
25.11.2026, 10:15











