Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında ətraf mühitin mühafizəsi və ekoloji qanunvericiliyin tələblərinə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları çıxış edərək ətraf mühitin qorunması istiqamətində görülən işlər, ekoloji hüquqlar və vətəndaşların bu sahədə üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli və davamlı istifadə, ətraf mühitə mənfi təsir göstərən halların qarşısının alınması üçün ictimaiyyətin maarifləndirilməsi və fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
Tədbir çərçivəsində yaşıllıqların mühafizəsi, tullantıların düzgün idarə olunması, qanunsuz ov hallarının qarşısının alınması, eləcə də təbiətə zərər vuran digər hüquqpozmalara qarşı mübarizə məsələləri geniş şəkildə müzakirə olunub.
Sonda iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və ətraf mühitin qorunmasında hər bir vətəndaşın məsuliyyətinin vacibliyi bir daha diqqətə çatdırılıb.