Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında ətraf mühitin mühafizəsi və ekoloji qanunvericiliyin tələblərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları çıxış edərək ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, mövcud ekoloji qanunvericiliyin əsas tələbləri, həmçinin vətəndaşların bu istiqamətdə hüquq və vəzifələri barədə ətraflı məlumat veriblər.

Çıxışlar zamanı bildirilib ki, ətraf mühitin qorunması yalnız aidiyyəti dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün üzərinə düşən mühüm məsuliyyətdir. Ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli və məqsədyönlü istifadə, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi və ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət daşıyır.

Tədbirdə kənd ərazilərində yaşıllıqların qorunması və artırılması, məişət və digər tullantıların ətraf mühitə zərər vurmadan idarə olunması, su və torpaq ehtiyatlarının mühafizəsi, qanunsuz ov hallarının qarşısının alınması, təbiət ərazilərinə qayğı ilə yanaşılması və ekoloji hüquqpozmalara qarşı mübarizə məsələləri geniş müzakirə olunub.

Həmçinin qeyd edilib ki, təbiətin mühafizəsi istiqamətində hər bir vətəndaşın diqqətli və məsuliyyətli davranışı gələcək nəsillərə sağlam və təhlükəsiz ətraf mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının, təbii sərvətlərin qorunmasının və ətraf mühitin mühafizəsində ictimai iştirakın vacibliyi bir daha diqqətə çatdırılıb.