Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Əsgərov Canpolad Ağaverdi oğlu

əsgər

Naxçıvan

Doğum tarixi: 10.12.1973

Əsgərov Canpolad Ağaverdi oğlu 1973-cü il dekabr ayının 10-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş ailəsində anadan olmuşdu. 1980-ci ildə Naxçıvan şəhər 39 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi orta qiymətlərlə bitirmişdi. Məktəbdə oxuduğu dövrlərdə nümunəvi şagird olmuş müəllim və şagird yoldaşlarının hörmət və rəğbətini qazanmışdı. Vətənpərvər ruhlu bu Azərbaycan balası yurdumuzun ən ağır dönəmlərini yaşayırdı hamı kimi. Qarabağda baş verən hadisələr, Sədərəkdə vəziyyətin gərginliyi  bütün oğullarımız kimi onu da narahat edir, hərbi xidmət üçün vaxtının çatmasını səbirsizliklə gözləyirdi. 1991-ci ilin sonlarında nəhayət ki, arzusuna çatır. Hərbi xidmət üçün çağırış vərəqəsini alan gün sanki dünyanın ən gözəl hədiyyəsini alıbmış kimi sevinirmiş. Səbəbi bəlli idi. Yağı düşməndən yurdu qorumağa gedəcək, həlak olan 20 Yanvar, Sədərək döyüşlərinin qurbanlarının qisasını alacaqdır artıq. Cəsarətli və mətin idi. Heç nədən qorxmazmış, ölümdən belə.

Hərbi xidmətini ilk olaraq Naxçıvan şəhərində, Sədərəkdə vəziyyət gərginləşdikdən sonra isə Mili Ordunun Sədərək bölgəsində yerinə yetirməyə başlamışdı. 1992-ci ilin may ayının 18-də ermənilərin Sədərək üzərinə ağır zirehli texnikalarla hücumu zamanı Sədərəyin müdafiəsində mərdliklə iştirak etmiş, döyüşlərdə şücaəti ilə şeçilmişdi. Az danışıb çox iş görməyi üstün tutar, hərəkətləri ilə örnək olarmış. May və iyun aylarında Qarağac, Əjdəkan, Cin təndiri, Beşbarmaq postları tərəfindən Sədərək üzərinə olan düşmən hücumlarının qarşısının alınmasında fəal döyüşcü kimi tanınmışdı. Ölkənin ən ağır günlərində və ən çətin şəraitdə Vətəni müdafiə etmək onu nə yorur, nə də qorxudurdu. Tam əksinə əzminə, hünərinə güc qatırdı torpaqlarımızın müdafiəsi və şəhidlərimizin intiqamının alınması hissi. Dinc və güclü vücudu, damarında coşan qanı, dəlisov cavanlığı yalnız canını qurban verdiyi Vətən üçün səfərbər olmuşdu. Bütün sevdaları bitmiş, sankı ortada Vətən adlı bir yar qalmışdı onun gözündə. Ata, ana, qardaş, bacı, gözaltı etdi qız belə nə qədər əziz olsalar da, uğruna həyatını qurban verdiyi torpağı, Azərbyaycan adlı sevdası hamını və hər şeyi üstələdi. Həyata keçməyən saysız hesabsız arzular əbədi olaraq o gün həyata gözlərini yumdu. 1992-ci il iyul ayının 21-də Canpolad Qaraağac uğrunda  gedən döyüşlərdə şəhadəti ilə əbədiyyətə qovuşdu.  Yaşarkən az insan tərəfindən tanınıb, sevilən digər şəhidlərimiz kimi, o da bütün xalq tərəfindən tanındı, sevildi, qəlblərdə məskən saldı. Onu dünyaya bir ana amansız sancılarla gətirmiş, bir ata böyütmüşdü min əzabla. Şəhadətə yetdikdən sonra isə minlərlə ata, analar onun üçün öz balası kimi ağladı. O minlərlə insana qardaş oldu.  Ola bilmədiyi iki şey qalmışdı, sevdiyinə yuva, dünyaya gətirmək qisməti olmayan  övladlarına ata. Canpolad Naxçıvanda Şəhidlər Xiyabanında dəfn olundu.