Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Hənifeyev Seyran Eynali oğlu 20 iyul 1995-ci ildə Babək rayon Cəhri kəndində anadan olub. Ailənin ilk övladı idi Seyran özündən sonra dünyaya gələn bacısını hər zaman qoruyar, onun qayğısına qalarmış. Zaman keçdikcə boy atan oğul 2001-ci ildə Babək rayon Cəhri kənd Qəzənfər Ələkbərov adına 1 N-li tam orta məktəbə gedir, 2012-ci ildə məktəbi bitirir. 2013-cü ilin iyulunda Vətən keşiyini çəkmək üçün həqiqi hərbi xidmətə yollanır. Əvvəlcə Culfada xidmət edir, sonra isə Ordubadin ən çətin relyefi olan Soyuq dağ adlanan yüksəklikdə xidmətini davam etdirir. Soyuq dağın soyuğuna ancaq orada xidmət edən əsgərlər izah edə bilər.
Seyran xidməti zamanı komandirlərinin və əsgər yoldaşlarının hörmət və güvənini qazanmışdı. Seyran qumbara atan vəzifəsini icra edib. İşində həddindən artıq dəqiq və məsuliyyətli olub. Lakin onun da qismətinə şəhidlik yazılıbmış.
Seyranın qismətində 1 il 2 ay vətənə xidmət etdikdən sonra Şəhid olmaq var imiş. O, 8 avqust 2014-cu ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 19 yaşlı qəhrəmanın nəşi avqustun 9-da Babək rayon Cəhri kənd qəbiristanlığında torpağa tapşırılıb.
Hər zaman vətəni canından üstün bilən Seyran, lazım gəldiyində Vətən uğrunda candan keçməyə hər an hazır olmuşdur. O, etmək istədiyini sözdə deyil əməldə etmişdi.