Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid Həsənov Səyavuş Həsən oğlu 1964-cü il yanvar ayının 20-də Şərur rayon Yengicə kəndində anadan olmuşdur. 1971-ci ildə Yengicə kənd orta məktəbinin I sinifinə daxil omuşdur. 1979-cu ildə həmin məktəbin VIII sinifini bitirdikdən sonra Bakı şəhərində olan 54 №-li texniki peşə məktəbində təhsilini davam etdirib. 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1984-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Bakı Baş Tikinti İdarəsində rəngsaz işləyib. 1987-ci ildə Rusiyanın Tümen şəhərində işləməyə gedir. 1990-cı ildə Qanlı 20 Yanvar hadisələrini eşidib dərhal bakıya dönür. Səyavuşun yaşadığı ünvanda böyük nüfuzu olduğu üçün o ətrafına çoxlu vətən övladları toplayaraq işğalçılara qarşı mitinqlərdə iştirak etmişdir. Qarabağda könüllü müdafiə batolyonu yarananda ilk qoşulanlardan biri də Səyavuş Həsənov olmuşdur. O Qazax, Goranboy, Gədəbəy, Şuşada mühüm hərbi tapşırıqlar yerinə yetirmişdir. Şuşanın işğal edilməsindən sonra Səyavuş Həsənov Daxili İşlər Nazirliyinin Polis dəstəsinə qoşulur. Onların polis dəstəsi İyun ayının 18-də Ağdərəyə yola düşürlər. Ağdərinin düşməndən təmizlənməsində böyük igidliklər göstərirlər. 25 iyunda isə Səyavuş Həsənovun da olduğu dəstəyə “Qırmızı Kənd”in azad edilməsi əmri verilir. Lakin yolda onlar düşmənin pusqusuna düşürlər. Səyavuş Həsənov həmin döyüşdə düşmənin 1 tankını və 17 nəfər canlı qüvvəsini məhv edir. Son gülləsinədək döyüşən Səyavuş Həsənov düşmənin açdığı atəş nəticəsində Şəhidlik zirvəsinə ucalır. Döyüşdən 8 gün sonra Səyavuşun cənazəsi əvvəlcə Tərtər rayonuna, oradan Bakı şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilir. Səyavuş Həsənov qorxmaz döyüşçü olmuşdur. Şuşada “üç mıx” adlı postda xidmət etdiyi zaman hücuma keçən düşmənləri əl qumbarası ilə dərədə məhv etmişdir.
Azərbaycan Respublikası Pzezidentinin 21 İyul 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Milis Starşinası Səyavuş Həsən oğlu Həsənova ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhramanı” fəxri adı verilmişdir.
Şəhidimizin 2 övladı vardır.