Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
İbrahimov Ruzi Əliağa oğlu 1983-cü il fevralın 23-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 1989-2000-ci illərdə Yengicə kənd tam orta məktəbində tam orta təhsil alıb. Azərbaycan ordusunun xüsusi təyinatlı çavuşu Ruzi İbrahimov igid, qorxmaz, cəsur bir oğul kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində, noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Ruzi İbrahimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vətənə əmanət 3 övladı vardır. Şəhid Çavuş İbrahimov Ruzi Əliağa oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.