Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Kərimov Kərim Məhəmməd oğlu 1 iyun 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. 1978-ci ildə Şərur rayon Qarahəsnli kənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1986-cı ildə həmin məktəbi bitirmişdir. Ərəbyengicə kənd orta məktəbində təhsilini davam etdirmiş və 1988-ci ildə həmin məktəbin X sinifini bitirmişdir. O məktəbi bitirdikdən sonra Tümenə getmişdir. Tumendə Ali Komandirlər məktəbinə daxil olan Kərim Azərbaycanın ağır günlərini yaşamağa başladığı vaxt Azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edir, beləliklə 15 nəfər kursant yoldaşları ilə birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar. İlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni əsgərini məhv edib. 1992-ci il 6 may tarixində düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır. Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuşdur. Şəhid Kərim Kərimov 17 iyun 1992-ci il tarixində Şərur rayon Qarahəsənli kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümünden sonra ”Azerbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Qarahəsənli kəndində qəhrəmanımızın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var. Şərur rayonunda 1 körpü və bir neçə yol Kərim Kərimovun adını daşıyır.