Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Məmmədov Əli Abbas oğlu 6 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub.
Orta təhsilini Maxta kənd tam orta məktəbində alan Əli 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Onun Vətənə, bayrağa olan sevgisi yenidən 2020-ci ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlamışdır. Əli Azərbaycanımızı dünya arenalarında təmsil edən bayrağımızı daim ucalarda dalğalandıran idmançı igid oğul idi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək Məmmədov Əli 23 oktyabr 2020-ci ildə qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Məmmədov Əli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Şəhid Əli Məmmədovun nəşi Şərur rayon Maxta kənd qəbirstanlığında dəfn olunmuşdur.
Şəhidin vətənə əmanət 1 övladı vardır.