Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Məmmədov İbrahim İsmayil oğlu 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirmişdir. Bir il Su Tikinti İdarəsində işlədikdən sonra 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcıoperatoru ixtisasına yiyələnmişdir. 1979-cu ildə ordudan tərxis olunaraq Moskvaya gedir və avtomobil zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyəişləyə, 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal iştirak etmiş, Moskvada təşkil edilən mitinqlərdə, yığıncaqlarda səslənən məlumatları olduğu kimi ictimaiyyətə çatdırmışdı. İbrahim Məmmədov Xocalı faciəsindən sonra ailəsini də götürüb Bakıya gəlir. Azərbaycanda Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərdə iştirak etməyə başlayır. İ.Məmmədov Könüllü Batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Cəsur döyüşçü 1994-cü il fevralın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim mübarizəsində düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda snayper gülləsinə tuş gəlir. O, aldığı yaradan həlak olur. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı var. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında İbrahim Məmmədovun büstü ucaldılmışdır.