Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Zamin Məmmədov 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm əsasən muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyasi daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən alüminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı - Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...
Liseyi bitirdikdən sonra məqsədinin ardınca Bakıya üz tutan Zamin Məmmədov Heydər Əliyev adına Ali Hərbi məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama - cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Tağım komandiri kimi əsgərləri yetişdirmək, qayğısına qalmaq, eləcə də ayıq-sayıq Vətənin keşiyində dayanmaq.
Leytenant Zamin Məmmədov 2008-ci ildə ayağından güllə yarası alsa da, müalicə olunub yenidən səngərə qayıdır.
Sonuncu məzuniyyəti 2010-cu ilin oktyabrına təsadüf edir. Anasının xahişi ilə sinif və kursant yoldaşlarını ad gününə dəvət edir. Bu onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.
Yeni il ərəfəsində Azərbaycan televiziyasının əməkdaşları Zamin Məmmədovdan müsahibə alır və onun "Arzuların varmı?", - sualına cavabı belə olur.
- Tağım komandiri leytenant Zamin Allahverdi oğlu Məmmədov. Yeni ili işğaldan azad olunacaq torpaqlarda qeyd etmək. Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə əminəm.
2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur.