Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Meydanov Elməddin Bahaddin oğlu 1989-cu il sentyabr ayının 11-də, Şərur rayonunun Vərməziyar kəndində anadan olub.
İlk təhsilini Vərməziyar kənd tam orta məktəbində alan Elməddin 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirmiş və oranı fərqlənmə ilə bitirmişdir. 2007-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Sərhəd Qoşunları fakültəsində ali hərbi təhsilə yiyələnmişdir. 2011-ci ildə leytenant hərbi rütbəsi ilə xidmətə başlamış və xidmətdə fərqləndiyinə görə 2012-ci ildə baş leytenant hərbi rütbəsi alaraq Zastava rəisi təyin edilmişdir. Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış, oktyabrın 27-də qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Meydanov Elməddin «Azərbaycan ordusunun 100 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubleyi medalları və “Qüsursuz Xidmətə görə 3-cü dərəcəli” medalları sağlığında ölümündən sonra isə “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Döyüşdə fərqəlnməyə görə” medalları ilə təltif edilmişdir.
Şəhid kapitan Meydanov Elməddin Bahaddin oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhidimizin vətənə əmanət 2 övladı vardır.