Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Novruzlu Pərviz Qorxmaz oğlu 15 oktyabr 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur.
2004-2015-ci illərdə Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində orta təhsil almışdır.
Pərviz gənc yaşlarından öz yaşıtlarından vətənpərvərliyi, igidliyi və qorxmazlığı ilə seçilən bir oğul olmuşdur. O, 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunmuşdur. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.
2020-ci ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlamışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı Novruzlu Pərviz 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək 09 noyabr 2020-ci ildə qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Novruzlu Pərviz ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Novruzlu Pərvizin nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.