Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Quliyev Həsən İbrahim oğlu 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. İlk təhsilini Qarahəsənli kənd tam orta məktəbində alan Həsən 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisasına yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək sentyabrın 29-da qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda",“ İgidliyə görə” ,"Suqovuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Şəhid Leytenant Həsən Quliyevin nəşi Şərur rayon Qarahəsənli kənd qəbirstanlığında dəfn olunmuşdur.