Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəfiyev Rasim Vəli oğlu 1955-ci ilin fevral ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. Atası Şəfiyev Vəli Xanbaba oğlu Böyük Vətən müharibəsi (1941-1945) əlilidir. Vətən müharibəsində sol qolunu itirmiş və dövlət tərəfindən medallara layiq görülmüşdür. Şəfiyev Rasim 1962-ci ildə Mahmudkəndində 10 illik orta məktəbə daxil olmuşdur. 1972-ci ildə həmin məktəbi bitirib. 1973-cü ildə həqiqi hərbi xidmətə çağrılmış, 1973-1975-ci illərdə Rusiyada xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıtmış və 1976-cı ildə Bakıda polis kursunu bitirmişdir.
1976-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin milis (polis) divizyonunun Naxçıvan Muxtar Respublikasının bölməsində işə başlamışdır. Xidməti işini ermənistanla Naxçıvan Muxtar Respublikasının Sədərək kənd (rayon) arasındakı milis (polis) postunda 1988-ci ilin sonunadək davam etdirərkən azğınlaşmış erməni cəlladları Ermənistanın Xalsa, Dəvəli, Şirazlı, Avşar kəndlərinin Azərbaycanlı əhalisini vəhşicəsinə qovub öz dədə-baba yurdlarından edəndə, polis baş serjantı Rasim Şəfiyev uzun müddət idi ki, Sədərəklə Arazdəyən arasındakı polis postunda xidmətdə idi, 1988-ci ilin dekabrın 3-də Sədərək kənd (rayon) sərhəd postunda xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Rasim Şəfiyev 1983-cü ildə ailə həyatı qurmuşdur. Şəhid olarkən 2 övladı vardır. Rasim Vəli oğlu Şəfiyev Naxçıvan Muxtar Respublikasının ilk şəhididir.
Şəhid Şəfiyev Rasim Vəli oğlunun nəşi Şərur rayon Mahmudkənd qəbiristanlığında dəfn olunmuşdur.