Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əli Səməd oğlu Səmədov 1969-cu il yanvar ayının 20-də Naxçıvan şəhərində anadan
olub. 1976-cı ildə Naxçıvan şəhərindəki M.T.Sidqi adına səkkizillik məktəbin 1-ci sinfinə daxil olub. 1984-cü ildə natamam orta məktəbi bitirəndən sonra Naxçıvan
şəhərindəki 32 nömrəli texniki-peşə məktəbində təhsil alıb. Həqiqi hərbi xidmətini 1987-1989-cu illərdə Sovet Ordusunun tərkibində Almaniya Demokratik Respublikasında qulluq edib. Əli Səmədov hərbi xidmətini bitirib doğma torpağa dönəndə qara buludlar almışdı Vətən səmasını...
O, 1990-cı ilin əvvəllərində könüllü olaraq ilk özünümüdafiə batalyonlarının tərkibinə daxil olub, sərhəd bölgələrində erməni təcavüzkarlarına qarşı bir neçə döyüşlərdə iştirak etdi. 1992-ci il mayın 19-da Sədərək od-alov içərisində olanda düşmənə qarşı qəhrəmanlıqla vuruşan Əli Səmədov ağır yaralandı. Naxçıvan Mərkəzi Respublika xəstəxanasındakı həkimlər də, onun tibb bacısı işləyən bacıları Gülnarə və Gülşən də on gün gecə-gündüz çalışsalar da Əlini ölümün pəncəsindən xilas edə bilmədilər. O, 1992-ci il mayın 29-da gözlərini əbədi yumub şəhidlik zirvəsinə ucaldı. Əli Səmədov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.