Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Tağıyev Azər Nemət oğlu

çavuş

Naxçıvan

Doğum tarixi: 17.04.1970

Tağıyev Azər Nemət oğlu 1970-ci ildə Babək rayonunun Sovetabad kəndində anadan olub. Naxçıvan şəhər 3saylı məktəbi bitirəndən sonra hərbiyə olan sevdası onun yolunu Kalininqrad Ali Hərbi məktəbinə salır. Yaxşı nəticələrlə bu məktəbə qəbul olsa da bir neçə ay oxuduqdan sonra təhsilini yarımçıq qoyub vətənə-Naxçıvana qayıdır. Az sonra onu hərbi xidmətə çağırırlar. O, hərbi xidmətini vətəndən uzaqlarda, Çexoslavakiyada başa vurur. Uzun müddətli hərbi xidmətinin başa vurmasını gözləyən valideyinləri o dönər-dönməz ailə qurmasını istəyir. 1991-ci ilin ortalarında ailə həyatı quran Azər 1992-ci ilin Novruz  bayramı ərəfələrində ata olur.  Bu hissin möhtəşəmliyi ona həyatında dadmadığı bir zövqü yaşatmışdır. Kənan onunla qürür duyub, fəxr edəcəyi bir övlad olacaqdı. Dünyaya gəlişindən bir aydan artıq keçsə də o, övladı ilə barmaqla sayılacaq qədər az zaman keçirmişdi. Amma kim bilir hansı saysız, hesabsız arzuları qurmuşdur ağlında. Ürəyində bəslədiyi amma cücərdə bilmədiyi arzuları.

Vətənə məhəbbət övlada və ailəyə olan məhəbbətdən çox üstün idi Azərdə. Müdafiə xəttinin ən ön cərgələrində dayanardı. Sanki torpağı ilə yanaşı döyüş yoldaşlarını qorumağı özünə şərt qoymuşdu.

Bu yazın da gəlişi yaxşı deyildi. İntensiv olaraq atəş açırdı mənfur düşmən. 1992-ci ilin may ayının 2-də  hücum edirlər  Sədərəyə. Digər yoldaşları kimi Azər də düşmənə qarşı mərdliklə vuruşur həmin döyüşdə. Mayın 6-da olan döyüşdə də Azər böyük şücaətlər göstərir. Heç bir çətinlik gözünü qorxutmurdu onun. Arxada nigaran qalan ailəsi də hələ qoxusuna doya bilmədiyi oğlu da hər anı onun burnunda tuturdu. Amma öncəliyi Vətən olanın iradəsi də möhkəm olur. O gün dünyası başına yıxıldı atası Nemət kişinin, anası Ləzifə xanım, həyat yoldaşı Nəzakət xanımın və bacı, qardaşlarının. May ayının 18-də Sədərək üzərinə olan qəfil hücum Azərin də həyatına son  qoydu.  Əbədiyyətə qovuşub şəhidlik zirvəsinə ucaldığı gün oldu. Həmin gün  Mil dağı uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşub qəhrəmancasına şəhid olan 17 nəfərdən biri də Azər oldu.