Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Vəliyev Vüsal İslam oğlu

Mayor

Şərur

Doğum tarixi: 15.06.1988

Vəliyev Vüsal İslam oğlu 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 

1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub. Vüsal Vəliyevə 22.06.2009-cu il tarixdə leytenant,  26.06. 2012-ci il tarixdə baş leytenant, 26.06.2016-cı il tarixdə kapitan, 20.08.2020-ci il tarixdə isə mayor rütbəsi verilmişdir. 2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib.  Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medallarla təltif olunub.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Mayor Vüsal Vəliyev nişanlı idi.