Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Zamanov Aydın Əhməd oğlu, 1968-ci ildə Sədərək kəndində anadan olub. 1974-1984-cü illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində təhsil alıb. Orta məktəbi bitirən il Gəncə Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1986-1988-ci illərdə Ukraynanın Çerkassk vilayətində hərbi xidmətdə olub. Hərbi xidmət dövründə hərbi hava qüvvələrində qulluq edib. Hərbi xidmətdən sonra ali təhsilini qiyabi davam etdirərək Sədərək üzümçülük sovxozunda zootexnik və baş zootexnik vəzifələrində işləyib.
A. Zamanov 1988-ci ildə hərbi xidmətdən qayıdan gündən doğma torpağının düşmən təcavüzünə məruz qaldığını görüb kənddə yaranan ilk özünümüdafiə dəstələrinin döyüşçülərindən olub. Sədərəyin müdafiəsi üzrə bir sıra ağır döyüşlərdə fəal iştirak edib. 1992-ci il mayın 19-da Ucubiz dağı ermənilərdən geri qaytarılarkən həmin dağın zirvəsinə qalxan ilk altı nəfərdən biri də Aydın olub. Dəfələrlə gecə növbələrində düşmənin nəzarətində olan ərazilərə gizli kəşfiyyata getmiş və ordumuz üçün faydalı məlumatlarla geri qayıtmışdır. Bir dəfə düşmən postuna yaxınlaşanda orada kimsənin olmadığını görərək posta daxil olmuş və gücü çatdığı qədər düşmənin hərbi sursatlarını və geyimini gətirib öz yoldaşlarına paylamışdır.
O, 1992-ci il iyun ayının 23-də Mil dağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sədərəkdəki Şəhidlər Xiyabanının yaxınlığındakı bulaq Aydın Zamanovun adını daşıyır.
Ölümündən sonra 16 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 203 nömrəli Fərmanı ilə Hərbi xidmətlərə görə medalı ilə təltif edilmişdir.