Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

GEOLOGİYA

Fəaliyyət istiqamətləri
Naxçıvan Muxtar Respublikasının təbiəti füsunkar və cazibədar gözəlliyi, əsrarəngiz dağ landşaftları və Araz çökəkliyi ilə səciyyələnir və çoxsaylı müxtəlif faydalı qazıntı yataqları ilə zəngindir. Muxtar respublikanın ərazisi geoloji təkamülün müxtəlif mərhələlərində təşəkkül tapmış metal və qeyri-metal faydalı qazıntı təzahür və yataqlarının növ müxtəlifliyi ilə səciyyələnir. Müxtəlif növ metal faydalı qazıntılar muxtar respublikanın şimal-qərbində Gümüşlü, mərkəzi hissəsində Şahbuz və cənub-şərqində Ləkətağ-Ordubad və Darıdağ-Paradaş filiz rayonlarında cəmləşən yataq və təzahürlərlə təmsil edilir. Qeyri-metal faydalı qazıntılar muxtar respublikanın ərazisində geniş yayılmış, müxtəlif dağ-kimyəvi və aqrokimyəvi xammal, tikinti materialları, bəzək daşları və mineral sularla təmsil edilir. Naxçıvan çökəkliyindəki Nehrəm və digər daşduz yataqları unikal ehtiyatlara malikdir. Həmçinin unikal yataqlar sırasına Nehrəm qrupu dolomitlərin, Badamlı, Sirab və digər mineral su yataqlarının balans və proqnoz ehtiyatları da aiddir. Naxçıvan Muxtar Respublikasının ərazisində çoxsaylı qızıl, gümüş, civə, mis, molibden, kobalt, volfram, manqan, alüminium, maqnezium, qurğuşun, sink, sürmə, mərgümüş, polimetal və digər metal faydalı qazıntı yataqları mövcuddur. Metal faydalı qazıntıların müəyyən edilmiş və proqnozlaşdırılan ehtiyatları mühüm əhəmiyyət kəsb edir. Uzun illər ərzində Gümüşlü və Parağaçay yataqlarından qurğuşun, sink və molibden filizləri çıxarılmışdır. Naxçıvan Muxtar Respublikasının mineral-xammal resurslarının ümumi balansında qeyri-filiz faydalı qazıntılar və tikinti materialları (daş duz, kükürd, gəc, əhəng, dolomit, travertin, oda davamlı gil, andaluzit, mərmər, tuf daşı) mühüm yer tutur. Bunların arasında Duzdağ və Nehrəm daşduz yataqları, Nehrəm qrupu dolomit yataqları, Buzqov, Şahtaxtı, Qarabağlar travertin yataqları və digərləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafında faydalı qazıntılardan istifadə dövrünün başlanğıcını qoymuşdur. Hazırda bu işləri onun davamçısı, respublikanın Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da geoloji kəşfiyyat işlərinin həcmi genişləndirildi. Filiz yataqlarının axtarışı və kəşfiyyat işlərinin davam etdirilməsi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapmışdır. Belə ki, Dövlət Proqramına müvafiq olaraq, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən Ordubad rayonunun Piyazbaşı, Ağyurd, Şəkərdərə və Kələki qızıl yataqlarında, həmçinin müqavilə üzrə müəyyən edilmiş digər ərazilərdə geoloji kəşfiyyat və filiz ehtiyyatlarının hesablanması üzrə işlər yekunlaşdırılmışdır. ”Azərbaycan Beynəlxalq Dağ-Mədən Ehtiyyatları üzrə Əməliyyat Şirkəti” MMC tərəfindən Culfa rayonunun Göydağ mis-porfir yatağında ilkin geoloji kəşfiyyat işlərinin aparılması davam etdirilmişdir. Ordubad rayonunun Parağaçay və Ağdərə yataqlarının kəşfiyyatı və işlənilməsi, eləcə də həmin yataqlara aid tullantıların öyrənilməsi və tədqiqi haqqında saziş imzalanmış, ilkin geoloji kəşfiyyat işlərinin aparılması davam etdirilmişdir. Muxtar respublikanın faydalı qazıntılarından məişətdə və xalq təsərrüfında istifadə olunmasının tarixi də çox qədimdir. Duzdağ daş duz yatağından duz əldə edilməsinin tarixi lap qədim zamanlara (5000 ildən yuxarı) gedib çıxır. Duzu əllə çıxarılıb atla daşınan qədim dövrdən qalma şaxtalar indi də yataq ərazisində qorunub saxlanılır. 1862-72-ci illərdə Naxçıvan şəhər Tunbul kəndində selitra (ammonum-nitrat) istehsal edən zavod fəaliyyət göstərmişdir. Mənbələrə görə gümüşlü polimetal yatağından hələ 1880-1890-cı illərdə istifadə edilirmiş. 1908-ci illədən mədən üsulu ilə filiz istehsalına başlanılmışdır. 1952-ci ildən isə gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərmişdir. 1914-cü ildə Gömür kükürd yatağının bazası əsasında kükürd istehsal edən zavod işə salınmışdı. 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında işlər başlamışdır. 1947-ci ildə Badamlı Mineral Sular Zavodu tikilərək istifadəyə verilmişdir. Aparılmış geoloji tədqiqatlar Ordubad rayonunu Azərbaycanın üçüncü dağ-mədən rayonu adlandırmağa əsas verir. Bu rayon mis, mis-molibden, sink, qızıl, civə, gümüş və polimetallarla zəngindir. Bunlar içərisində : ̶ Parağaçay molibden yatağı ̶ Ağdərə polimetal filiz yatağı (sink və qurğuşun) ̶ Ağyurd, Şəkərdərə, Piyazbaşı qızıl yataqları ̶ Pəzməri dəmir yatağı ̶ Düylün və Zənənd çayları arasında alünit yatağı ̶ Kotam və Kilit mis-kobalt təzahürləri ̶ Ordubad rayonunda qızıl ehtiyatlarına Kotam, Kilit, Ordubad, Gənzə, Pəzməri, Tivi, Gilan və bir sıra çay yataqlarında da müşahidə olunur ̶ Gal kəndi yaxınlığında civə və sürmə aşkarlanmışdır ̶ Ordubad rayonunun bütün ərazilərində xüsusəndə cənub-qərb hissəsində civə təzahürlərinə rast gəlinir. Culfa rayonu ərazisində: arsen.civə, səpinti halında qızıl, mis, molibden, gil, seolit, gips, üzlük daşlar, bəzək daşları kimi filiz və qeyri-filiz geniş yayılmışdır. Babək rayonu ərazisində: Xal-xal, Sirab, Qahab kəndləri yaxınlığıda mis yataqları mövcuddur. Ərazi qeyri-filiz yataqları ilə zəngindir. Duzdağ və Nehrəm daş duz yatağı, Nehrəm dolomit yatağı, Çeşməbasar, Cəhri, Payız və Buzqov kəndləri yaxınlığında gips yataqları vardır. Şərur rayonunda: Gümüşlü polimetal filiz yatağı, Tənənəm, Axura massivlərində dolomit yatağı, mərmər yatağı, Şərur dəmiryolu stansiyasından 8 km şimal-şərqdə Şərur mərmərləşmiş əhəngdaşı yatağı mövcuddur. Şahbuz rayonunda: Gömür kəndi yaxınlığında küküd və manqan təzahürləri, Salvartıda arsen təzahürü, Kükü, Qışlaq kəndləri yaxınlığında civə yataqları vardır. Muxtar respublika ərazisində 200-dən artıq mineral bulaq mövcuddur ki, bunlardan daha çox Badamlı, Sirab, Darıdağ məşhurdur. Ötən əsrin 30-cu illərindən etibarən Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji öyrənilməsinə başlanmışdır. Muxtar respublika ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılmışdır. 2001-ci ildən Naxçıvan Geoloji Axtarış Ekspedisiyası adı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2014-cü il tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspediyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 fevral 2015-ci il tarixli fərmanı ilə Geoloji Axtarış Ekspediyasının bazasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılmış əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq Geolji Axtarış və Kəşfiyyat İdarəsi yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışını, kəşfiyyatını, ixtisaslaşdırılmış geoloji tədqiqatların aparılmasını təmin edir və bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirir. Bu sahəyə muxtar respublika rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsi olaraq 06 sentaybr 2017-ci il tarixdə Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geolji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilmişdir.
Yerin təki haqqında “Azərbaycan Respublikası Qanunu”nun 28-ci maddəsində (Yer təkinin dövlət geoloji öyrənilməsi) qeyd olunur ki; “Azərbaycan Respublikasının mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir. Dövlət geoloji öyrənilməsinin və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir”.