Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

MİLLİ PARKLAR

Fəaliyyət istiqamətləri
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2009-cu il tarixli 606 nömrəli Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi, Şahbuz Dövlət Təbiət Qoruğu (3139 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu(396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131 hektar) torpaqları hesabına əlavə olunan xəritədə göstərilmiş cəmi (30666,4 hektar) genişləndirilmiş, eyni Sərəncamla Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılaraq sahəsi 42797,4 hektara çatdırılmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının(bundan sonra Milli Park) yaradılmasında məqsəd ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, elmi-tədqiqat işlərinin aparılması, ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünə və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Relyefin şaquli dəyişməsi, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda palıd, alma, armud, alça, söyüd, və s. ağaclar yemişan, böyürtkən, itburnu, zirinc və s. kol bitkiləri, boz, boz-çəmən, allüvial- çəmən, dağ-meşə, dağ-çəmən torpaqları yayılmışdır . Ərazidə yayı quraq keçən soyuq iqlim hakimdir. Bu təbii iqlim şəraiti, bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Milli Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, bezoar keçisi, muflon, qonur ayı, vaşaq, qaban, porsuq, yırtıcılardan canavar, çaqqal, tülkü, meşə pişiyi və s. növlərə rast gəlmək olar. Zəngəzur Milli Parkının ornitofaunasına daxil olan Avropa tüvüyü, berküt, toğlugötürən, doydaq, ərsindimdik, şahin, Xəzər uları, qırmızıqanad dırmanc və s. quşların adları, ərazisi üçün xarakterik olan flora növlərindən kox şamı, Zəngəzur armudu, Nizami itburnusu, dəniz bağayarpağı, bataqlıq mürgəkotu, fauna növlərindən bezoar keçisi, bəbir, muflon, qızılxallı balıq, vaşaq, Xəzər uları kimi növlər Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı” na daxil edilmişdir. Milli Parkın ərazisində 4 növ suda-quruda yaşayan- Suriya sarımsaqiyli qurbağasına, yaşıl quru qurbağasına, Kiçik Asiya qurbağasına və göl qurbağasına rast gəlinir. Suriya sarımsaqiyli qurbağası Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı” na daxil edilmişdir. Milli Parkın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizm üçün əlverişli şərait yaratmışdır. Burada təbiət abidələrindən Kilit mağarası, Biçənək meşəsi, Göy- göl, Pəzməri şəlaləsi, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı və Gəmiqaya abidəsi, ərazidə olan mineral və müalicəvi əhəmiyyətli su mövcudluğu və s. Milli Parkın zəngin turizm potensialından xəbər verir. Milli Parkın Ordubad rayon Ağdərə qəsəbəsində 1 (bir) ədəd, Culfa rayon Boyəhməd kəndində isə 2 (iki) ədəd inzibati binası vardır.