Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

MEŞƏLƏR

Fəaliyyət istiqamətləri
Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii şəraiti, oroqrafiyası, torpaq örtüyü və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq ərazidə yerləşir. Regionun kəskin kontinental iqlimə malik olması, yağıntının azlığı, havanın quraq, yay və payız aylarının yağıntısız və isti keçməsi, qışın soyuqluğu, sutkada və fəsillər arasında temperatur amplitudunun yüksək olması burada bitki örtüyünün formalaşmasına güclü təsir göstərmiş, zəif, kserofit tipli bitkilərin inkişafına səbəb olmuşdur. Bu amillər təkcə ərazinin düzənlik və dağətəyi hissələrində deyil, həm də yüksək dağlıq sahənin bitki örtüyünə də təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikası tükənməz bitki sərvətlərinə malikdir və onun müasir florası 176 fəsilə, 908 cins və 3021 növ ali sporlu, çılpaq toxumlu və örtülü toxumlu bitkiylə təmsil olunur ki, bunun da 1050 növü düzənlik hissədə, 1869 növü dağlıq hissədə, 400 növü isə həm düzənlik, həm də dağlıq hissədə yayılmışdır. Bu Azərbaycan florasının (5000) 60,38%-ni təşkil edir.
Xalq təsərrüfatının çox qiymətli təbii sərvəti olan meşələr muxtar respublikada çox kiçik bir sahəni əhatə etsə də, onlar çayların su rejiminin qaydaya salınmasında, torpaq eroziyasının qarşısının alınması ilə bərabər iqlimə müsbət təsir göstərməklə mühüm əhəmiyyətə malikdir. Təbiətin yaşıl örtüklü, füsunkarlığı ilə seçilən meşə əraziləri gözəlliyi ilə yanaşı, həm də insanların sağlamlıq guşəsi, istirahət yeridir. Muxtar respublika ərazisində Küküçay, Naxçıvançay və Əlincəçayın yuxarı axınlarında yerləşən Keçili, Biçənək, Yuxarı Qışlaq, Kükü, Parağa, Nəsirvaz, Xurs, Nürgüt, Ərəfsə, Ləkətağ, Boyəhməd və s. kəndlərin ətrafı, şəhər və qəsəbələrdə abadlıq və bərpa işləri aparılmış, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Ordubad arası müasir magistral yollar boyunca iki tərəfli yaşıllıq zolaqları salınmış, yamaclarda, təpəliklərdə terraslar çəkilərək tamamilə yaşıllaşdırılmışdır.
Meşə bitkiliyi bitki örtüyünün 0,5%-ni təşkil etməklə 1500-2400 metr hündürlüklərdə talalar şəklində yayılmışdır. Muxtar Respublikanın təbii meşələri çay və qar sularının çox olduğu rütubətli torpaqlarda yaranır. Bu cəhətdən Naxçıvançay, Gilançay, Əlincəçayının yuxarı hövzələri meşə bitkiləri üçün daha əlverişlidir. Meşələrin növ tərkibi zəngin olduğu kimi, fitosenoloji quruluşu da mürəkkəbdir. Ərazinin meşə ekosistemini enliyarpaqlı ağac-kol (şərq palıdı, gürcü palıdı, hündür göyrüş), tuqay, sahilboyu (yulğun, söyüd, qovaq, qarağac, tikanlı karvanqıran) və arid seyrək meşəlikləri (ardıc, püstə, murdarça) əmələ gətirir. Belə tala meşələr Şahbuz rayonunun Biçənək, Batabat, Yuxarı Qışlaq, Culfa rayonunda Sultanbud, Xəzinədərə, Gəvik, Kola, Ordubad rayonunda Ələhi, Xurs, Bist, meşələrindən ibarətdir. Bu meşələr əsasən Şərq palıdı, Adi göyrüş, Şərq yemişanı, Gürcü ağcaqaynı, Qafqaz armudu, Söyüdyarpaq armud, Şərq alması və s. növlərlə zəngindir.
Tuqay meşələri Araz çayı, Şərqi Arpaçay, Naxçıvançay, Gilançay, Düylünçay, Ordubadçay boyunca yerləşərək yaşıl örtük əmələ gətirirlər. Tuqay meşələrini formalaşdıran əsas ağac və kollara Meyer yulğunu, Çoxbudaqlı yulğun, Koçi yulğunu, Doqquzerkəkçikli yulğun, Üçerkəkçikli söyüd, Ağ söyüd, Bozumtul qovaq, Cənub qovağı, Tirək qovaq, Kiçik qarağac və s. növlər aiddir. Kolluq bitkiliyi ərazinin 1200-3200 m hündürlüklərində yayılmaqla, subalp və alp qurşaqlarının sərhədlərinə qədər qalxırlar. Daha səciyyəvi kolluqlar, çəmən-kolluqlar Sədərək rayonun Qaratorpaqlar, Şərur rayonunun Ardıcdağ, Babək rayonunun Lizbirt dərəsi, Qaraquş dağı, Şahbuz rayonunun Nursu, Kükü, Ağbulaq, Gömür, Keçili, Külüs kəndləri, Küküdağ, Keçəldağ, Qanlıgöl ətrafında, Culfa rayonunun Xəzinədərə, Koreymər, Ordubad rayonunun Parağa, Tivi, Nəsirvaz və Nürgüt kəndlərinin ətrafında yerləşir, burada Yabanı püstə, Meyer yulğunu, Hohanaker yulğunu, Boylu acılıq, Gürcü doqquzdon, Pallas murdarçası, Qafqaz yemişanı, Hündür ardıc, Tuşet itburnu, Həmərsin, Adi zirinc, Yunan quşarmudu, Qarameyvə dovşanalması və s. növlərə rast gəlinir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında hidrokomplekslər tikilmiş, bölgəyə təbii qaz çəkilmişdir. Əhalinin yanacağa olan tələbatını təbii qaz ödədiyindən dağlarda, yol kənarlarında və digər sahələrdə ağac və kolların miqdarı artmış, təbii bərpa işi genişlənmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramda meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpa etdirilməsi, keyfiyyətin və məhsuldarlığın artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması nəzərdə tutulmuşdur ki, bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində muxtar respublikada meşə ehtiyatları 1990-cı illə müqayisədə 0,6%-dən 20%-dək artırılmış, meşəsalma işinin genişləndirilməsi, torpaq eroziyasının qarşısının alınması, kənd təsərrüfatı üçün yararsız torpaq sahələrinin münbitliyinin artırılması, su mənbələrinin mühafizəsi, meşələrin yanğından və zərərvericilərdən qorunub mühafizə edilməsi işlərində nailiyyətlər əldə edilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii və mədəni meşələr: Biçənək Dövlət Meşəsi – 2654 ha, Bist Dövlət Meşəsi - 350 ha, Qaraquş-Xanbulaq Dövlət Meşəsi - 250 ha, Gəvik Dövlət Meşəsi - 242 ha, Tillək Dövlət Meşəsi - 117 ha, Kola Dövlət Meşəsi - 115 ha, Pürcuvar Dövlət Meşəsi - 98 ha, Uzunoba Dövlət Meşəsi - 98 ha, Nehrəm-Gölaltı Dövlət Meşəsi - 60 ha, Şonqar Dövlət Meşəsi - 58 ha, Xurs Dövlət Meşəsi - 40 ha, Şıxmahmud Dövlət Meşəsi 1 - 25 ha, Xəzinədərə Dövlət Meşəsi - 20 ha, Rüstəm Dövlət Meşəsi - 18 ha, Məzrə Dövlət Meşəsi - 16,5 ha, Badaşqan Dövlət Meşəsi - 14,5 ha, Xal-xal Dövlət Meşəsi - 14,5 ha, Yarımca Dövlət Meşəsi - 14,5 ha, Xəlilli meşəsi - 10 ha, İşgəsu Dövlət Meşəsi - 8 ha, Kültəpə Dövlət Meşəsi - 8 ha, Yeniyol Dövlət meşəsi - 6,5 ha, Şıxmahmud Dövlət Meşəsi 2 - 5,4 ha, Kərimbəyli Dövlət Meşəsi - 5 ha, Qarabulaq Dövlət Meşəsi - 2,5 ha, Payız Dövlət Meşəsi - 2 ha, Tumbul Dövlət Meşəsi - 2 ha, Gilançay Dövlət Meşəsi - 2 ha olmaqla, ümumilikdə muxtar respublikanın 4256,4 ha sahəsini əhatə edir.