Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ ərazisində 5 hektar, Arazboyu Dövlət Təbiət Yasaqlığının Nehrəm dağı ərazisində 5 hektar və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonunun Tillək ərazisində 5 hektar olmaqla ümumilikdə 15 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin zamanı əsasən ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu Zərnətün ərazisində 1 hektar, Arpaçay Dövlət Təbiət Yasaqlığının Axura kəndi ərazisində 1 hektar olmaqla ümumilikdə 2 hektar sahədə 1000 ədədə yaxın cəviz, ərik, badam, alma, həmişəyaşıl və akasiya tingləri əkilərək yeni bağ sahəsi salınmışdır. Bu kimi tədbirlər yaşıllıq sahələrin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Bu kimi tədbirlər digər ərazilərdə də davam etdiriləcəkdir.