Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərinin 42797.4 hektarında Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılmışdır. Əsas məqsəd ərazidə mövcud ekoloji sistemlərin, bioloji müxtəlifliyin, genetik fondun, təbiət komplekslərinin, dünyanın, Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabına düşmüş fauna, flora növlərinin təbii vəziyyətdə qoruyub saxlamaq, ekoloji monitorinq həyata keçirmək, beynəlxalq və yerli elm ocaqları ilə elmi araşdırmalar aparmaq və ekoturizmin inkişaf etdirilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının dəniz səviyyəsindən ən aşağı nöqtəsi də Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində, ən yüksək zirvəsi də Qapıcıq Zəngəzur Milli Parkının ərazisindədir. Muxtar respublika ərazisində 118 fəsiləyə daxil olan 880 cinsdə 3021 ali bitki növünün əksəriyyəti bu parkın ərazisində yayılıb. Burada Qırmızı Kitaba düşən 202 bitki növü mövcuddur. Həmçinin Milli Parkın ərazisində 750-800 növ dərman bitkisi yayılmışdır ki, bunların 150-si beynəlxalq səviyyədə tanınan dərman bitkisidir. Naxçıvan Muxtar Respublikasında 62 məməli heyvan növünə və yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Belə ki, Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı oxlu kirpi, kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qamışlıq pişiyi,vaşaq, qonur ayı, bezoar dağ keçisi, muflon və sair məskunlaşmışdır.
Aparılan tədqiqat işlərinin nəticəsində ərazidə 404 növ onurğalı heyvanın yaşadığı müəyyənləşdirilib. Beynəlxalq elmi təşkilatlarla yerli elm ocaqları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi işçiləri ilə birlikdə heyvanat növlərinin gündəlik həyat fəaliyyəti, qidalanması, növlər arasındakı əlaqə və ekologiyası öyrənilir. Heyvanat aləminin öyrənilməsində fototələlərdən istifadə olunur ki, həmin fototələlər 16 arealda yerləşdirilib. Park flora və fauna zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələri ilə diqqəti cəlb edir. Bu tarixi abidələr sırasında Gəmiqaya rəsmləri ən dəyərli arxeoloji abidələrdir. Bu abidə 1968-ci ildən başlayaraq müntəzəm tədqiq olunur. Ölkəmizdə ekoloji problemlərin baş verməməsinə, heyvanat və bitki aləminin qorunmasına, habelə tarixi və təbiət abidələrinin mühafizəsi işinə dövlət əhəmiyyətli vacib bir məsələ kimi baxılır.
Son illərdə bu məqsədlə ölkəmizdə ətraf mühitin, flora-faunanın və tarixi abidələrin qorunması haqqında qanunlar qəbul edilmişdir və onlar uğurla icra olunmaqdadır. Milli Parklar mövcud ekosistemin qorunmasında və təbii bərpasına əlverişli şərait yaradılmasında nə qədər əhəmiyyətlidirsə, turizm potensialı baxımından da bir o qədər əhəmiyyətlidir. Zəngəzur Milli Parkında zəngin turizm marşrutlarının müəyyənləşdirilməsi bu ərazilərin zəngin təbiətinin tanıdılmasına, təbliğinə öz töhfəsini verir. Amma ekoturizmin zəngin potensialından istifadə edilməsi bu gün aktual məsələdir. Elə bu baxımdan da təbiətin, ətraf mühitin, biomüxtəlifliyin qorunması təbii sərvətlərdən düşünülmüş məqsədyönlü və səmərəli istifadə hər bir kəsin vətəndaşlıq borcudur. Mühafizə işində geniş ictimaiyyətin fəallığının artırılması da səmərəli olur. Həyat əhəmiyyətli problemlərin həllində ən etibarlı vasitə, şübhəsiz ki, insanlarda ekoloji mədəniyyətin tərbiyə edilməsi və maarifləndirmə işlərinin düzgün aparılmasıdır. Unutmamalıyıq ki, hər zaman insanın təbiətə ehtiyacı olub və olacaq. İnsanı təbiət saxlayır və öz sərvətini səxavətlə onun ixtiyarına verir.