Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində 5 İyun-Ümumdünya Ətraf Mühit Günü münasibətilə tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və ekokönüllülər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqi Əliyev ətraf mühitin mühafizəsinin müasir dövrün ən vacib məsələlərindən biri olduğunu vurğulayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov “Ekoloji-hüquqi məsuliyyət”, Magistratura və Doktorantura Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “Ekoloji təfəkkürün formalaşmasında effektiv maarifləndirmə mexanizmləri”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Məmmədov isə “Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təminində müasir çağırışlar və prioritet vəzifələr” mövzusunda çıxış ediblər.
Çıxışlarda ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətdə ekoloji şüurun formalaşdırılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Tədbirin sonunda ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji dəyərlərin təbliği sahəsində göstərdikləri xidmətlərə görə Faiq Səfərov və Çapay Quliyev təşəkkürnamə ilə təltif olunublar. Həmçinin ətraf mühitin qorunması istiqamətində fəallıqları ilə seçilən ekokönüllülərə sertifikatlar təqdim edilib.
Günün davamı olaraq Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksinə gedən yolun ətrafında təmizlik aksiyası keçirilib. Könüllü gənclərin iştirak etdiyi aksiya zamanı ərazi tullantılardan təmizlənib, ətraf mühitin qorunmasına dair maarifləndirici çağırışlar səsləndirilib.
“Keçirilən tədbir və ekoloji aksiya 5 İyun-Ümumdünya Ətraf Mühit Gününün məqsəd və prinsiplərinə uyğun olaraq ətraf mühitin qorunmasının əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq, ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirmək, cəmiyyətdə ekoloji məsuliyyət hissini artırmaq və xüsusilə gənclərin təbiətin mühafizəsi sahəsində fəal iştirakını təşviq etmək məqsədi daşıyır.