Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Naxçıvan)-nun birgə tədbirlər planında muxtar respublikanın meşə ekosisteminə uyğunlaşan, həmçinin quraqlığadavamlı ağac və kol bitkilərinin tədqiq edilməsi, toxumlarının toplanması, tingliklərdə və dibçəklərdə tinglərin yetişdirilərək əkilməsi yer almışdır. Həmin tədbirlər planına uyğun olaraq Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisindəki meşə talalarında dibçəkdə yetişdirilmiş müxtəlif ağac və kol bitkilərinin tingləri əkilmişdir. Əkin işləri zamanı Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 360 ədəddən çox müxtəlif növ ting (palıd, şam, yolka), Bioresurslar İnstitutu tərəfindən 16 şam və 22 palıd tingi olmaqla ümumilikdə 400 ədəddən çox ting əkilmiş, daha sonra əkilən tinglər suvarılmışdır. Tədbirlər planına uyğun olaraq bu kimi işlər digər ərazilərdə də davam etdiriləcəkdir.