Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikasının kəskin kontinental iqlimə malik olması, burada yağıntının azlığı, havanın quraq, yayın, qisməndə payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutkada və fəsillər arasında temperaturun ampilituda fərqinin yüksək olması bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif, bir tipli, yeni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Bu amillər yalnız düzənlik və orta dağlıq hissəyə deyil, eyni zamanda yüksək dağlıq sahəsin bitki örtüyünə də təsir göstərmişdir. Naxçıvan Muxtar respublikası növ müxtəlifliyinə görə zəngin və tükənməz bitki sərvətlərinə malikdir və onun müasir florası 3021 növ ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki ilə təmsil olunur.Bunun 86 növü ağac, 251 növü kol, 1806 növü çoxillik ot və 878 növü isə birillik-ikiillik ot bitkilərindən ibarətdir. Bununda 202 növü Naxçıvan Muxtar Respublikasının " Qırmızı Kitabı" na daxil edilmişdir. Bu miqdar Azərbaycan florasının (5000 növ) 60.38 %-ni təşkil edir. Bu zəginlik ilk növbədə floranın Aralıq dənizi və Asiya, ocümlədən İran florası ilə sıx əlaqədə olmasında irəli gəlir. Digər səbəbi isə burada şaqüli zonallığın olmasıdır. Ərazinin dağlıq ölkə olması bitki örtüyünün də aydın nəzərə çarpan zonalara ayrılmasına səbəb olmuşdur. Muxtar Respublikanın 4 bitki zonası var: yarımsəhra, dağlıq kserofit, yüksək dağ bozqırları, subalp və alp çəmənlikləri.
Yarımsəhralar zonası. Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub şərqə doğru uzanır. Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz, xüsusilə Naxçıvan düzlərində daha geniş, cənub-şərq qurtaracaqda isə dar bir sahəni əhatə edir.Yarımsəhra senozlarının isti yay və soyuq qışı olan quru iqlim şəraiti vardır. Torpağın üst qatının şiddətli qızması nəticəsində hava quru, yağıntının miqdarı isə son dərəcə az (210-300 mm) olur. Buranın yayı demək olar ki, yağıntısız keçir. Atmosfer yağıntıları başlıca olaraq yazda və payızda düşür.Yaz aylarında yağıntıların düşməsi ilə əlaqədar olaraq yarımsəhralarda çox olan efemer bitkilər sürətlə inkişaf edir. Yazın axırlarınadək toxumlayıb qurtaran bu bitkilər iyulun əvvəllərində demək olar ki, tamamilə quruyur. İsti yay aylarında seyrək halda qalan çoxillik quraqlığa davamlı bitkilər vegetasiya dövrünü davam etdirir. Payızda yağıntı artdığından çoxillik bitkilərin vegetasiya dövrü sürətlənir, onlar çiçəkləyir və toxum verir. Yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ gətirir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Yazda efemerlər çoxiliklərlə eyni yarus təşkil etdiyindən çoxmərtəbəlilik hiss olunmur. Yarımsəhra senozlarının tərkibi son dərəcə yoxsuldur. Çoxillik komponentlər əsasən bir neçə növ yarımkollardan ibarət olub, eyni görkəmli fitosenozlar təşkil edir. Öz növ tərkibinə görə efemer senozlar daha müxtəlifdir.
Dağlıq kserofit bitkilər zonası. Naxçıvan MR-də dəniz səviyyəsindən 1200-1600 metr yüksəklikdə olan sahələri əhatə edir. Geniş sahələri tutan dağlıq kserofit senozları müxtəlif çoxillik kserofit otlarından ibarətdir ki, bunların da əksəriyyəti öz mənşəyi etibarilə İran florasına aiddir. Naxçıvan MR-də dağlıq kserofit zonası yovşanlı yarımsəhralarda qarışıq keçid tipi yaradaraq yuxarılara doğru getdikcə müstəqil dağlıq kserofit bitkilər qurşağını təşkil edir. Bu qurşaq Naxçıvançay və Cəhriçay hövzəsində, həmçinin Naxçıvançayla Əlincəçay arasındakı ərazidə daha geniş sahələri əhatə edərək, muxtar respublikanın mərkəzi hissəsində dağlara doğru yüksəklərə qalxır. Dağlıq kserofit zonası öz fitosenozlarının zənginliyi, mənzərəsinin müxtəlifliyi və gözəlliyi ilə yovşanlı yarımsəhralardan tamamilə fərqlənir. Burada bitki örtüyünün paylanması torpağın quruluşundan, relyefin maillik dərəcəsindən, ekspozisiyasından və formasından çox asılıdır. Lakin bir qayda olaraq kserofit bitkilər bir-birindən aralı bitməklə, bütün vegetasiya müddətində açıq senoz təşkil edir. Bu zonanın xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada çoxillik otlar hakim mövqe tutur, müəyyən sahələrdə bir, çox zaman isə bir neçə örtük əmələ gətirir. Baharın əvvəllərindən başlayaraq bitki növlərinin biri digərini əvəz edir. Yazda əsasən birillik kökümsov gövdəli, soğanaqlı bitkilər və bir sıra çoxillik otlar sürətlə inkişaf edir, çiçəkləyir və toxumlayır. Kserofit senozlarının son dərəcə quraq şəraitdə inkişaf etməsinə baxmayaraq, onlar öz inkişafını çox sürətlə başa çatdırır. Yayın əvvəlində çoxillik otların kütləvi surətdə çiçək açdığı dövrdə bu zona xüsusilə gözəl olur. Bir sıra xaççiçəklilərin,çətirçiçəklilərin və başqa bitkilərin boyu 1-1,5 metrə çatır. Yayın ikinci yarısında kserofitlərin əksəriyyəti toxumlayır, yalnız bəzi paxlalılar və mürəkkəbçiçəklilər çiçəkləməkdə davam edir. Zonanın çox az bir sahəsindən əkinçilikdə, qalan hissəsindən isə ancaq otlaqlar kimi istifadə edilir.
Yüksək dağ bozqırları. Dəniz səviyyəsindən 2400-3000 metr yüksəklikdə yerləşən qurşağın dağ yamaclarında yayılmışdır. Bu qurşaqda başlıca fitosenoz olan topallıq bozqır əksər hallarda gəvənlə və kəklikotu ilə qarışaraq geniş sahələri tutur. Topallıq bozqırlar daşlı və qayalı yerlərdə açıq qruplaşmalarla, rütubətli sahələrdə isə çəmən-bozqırlarla yanaşı, talalar şəklində topallıq gəvənli-kəklikotulu bozqırlarda mövcuddur. Ümumiyyətlə, narın torpaqlı dağ yamaclarında yerləşən yüksək dağ bozqırları aşağıdakılardır: topallıq bozqır, kəklikotlu-gəvənli topallıq bozqır.
Subalp çəmənlikləri. 2350-2600 metr yüksəklikdə ensiz bir zolaq şəklində uzanır. Bu zolaq Küküçay hövzəsindən başlayaraq Əlincəçay hövzəsinə qədər suayrıclarında kəsilib çay dərələrində və vadilərində yenidən meydana çıxır. Əslinə muxtar respublikada tipik subalp çəmənləri deyil, subalp elementlərinin qarışığı olan mezofil meşə çəmənləri mövcuddur. Yalnız Kükü kəndi və Biçənək meşələrinin şimal qurtaracağında kiçik fraqmentlər şəklində Baş Qafqaz dağlarında olduğu kimi ucaboylu, sıx, yaxşı inkişaf etmiş subalp bitkiliyinə rast gəlmək mümkündür. Bu fraqmentlər 2300-2600 metr yüksəklikdə rütubətli yamaclarda, dayaz dərələrdə, çuxur sahələrdə yayılmışdır. Tipik subalp çəmənliklərdən fərqli olaraq bu hündür otlu çəmənlərdə otların boyu 150-180 santimetrə, bəzən isə 2 metrə qədər çatır və bir neçə yarusdan ibarət olur. Birinci yarus ucalığı 2 metrə qədər çatan hündür müxtəlif ot elementlərindən, ikinci yarus isə əsasən taxılkimilərdən təşkil olunur. Bitki örtüyünün əsasını təşkil edən otların boyu 60-80 santimetrə çatır. Alp çəmənlikləri kifayət qədər rütubətli, 2900 metrdən yüksək sahələrdə narın torpaqlı, yamacların şimal, şimal-qərb və şimal şərq ekspozisiyalarında yayılmışdır. Alp çəmənlikləri talalar şəklində muxtar respublikanın nisbətən rütubətli mərkəz hissəsində inkişaf etdiyi halda, onun cənub və şimal hissələrində belə çəmənliklərə təsadüf edilmir.
Alp çəmənlikləri. Salvartı, Ağdaban, Küküdağ, Keçəldağ, Ağdağ və Qapıcıq dağlarının yüksəkliklərində daha yaxşı inkişaf etmişdir. Lakin buralarda da alp çəmənlikləri kiçik talalar şəklində olub, heç yerdə Baş Qafqazda olduğu kimi kilometrlərlə uzanmır. Yüksək dağlıq sahənin kəskin iqlim şəraiti, sutka daxilində temperaturun böyük amplitud fərqi, soyuq küləklər, vegetasiya dövrünün qısalığı alp bitkilərinə öz güclü təsirini göstərmiş və onlar bu şəraitdə davam gətirmək üçün bir qədər uyğunlaşmışlar. Bu bitkilərin boyu çox qısa olub yerə yayılmış və kökləri vasitəsilə yerə bərk yapışmışdır. Yuxarı alp zonasının daşlı yamaclarında yayılmış kirpikyarpaq yastıqotu, saqqallı dəlikçiçək, üçdişli zəngçiçəyi və başqaları mühitə uyğunlaşaraq çoxlu kiçik gövdələrdən, yarpaq və çətirlərdən möhkəm yastıq forması əmələ gətirmişdir. Çox vaxt alp otluğu (xüsusilə alp xalılarında) 2-3 santimetrdən uca olmur. Bitkilərin kiçik gövdələri üzərində gözəl çiçəklər açır. Bu bitkilərdən kökbaşcıqlı qanqal, gövdəsiz yastıqbaş, Pont acıçiçəyi, üçdişli zəngçiçəyi və başqaları daha səciyyəvidir. Alp çəmənlikləri demək olar ki, ancaq çoxillik bitkilərdən əmələ gəlmişdir. Bu bitkilər dağ-çəmən torpaqları üzərində müəyyən dərəcədə bozqır senozlarının təsirinə məruz qalır və nəticədə çəmən-bozqır keçid senozları əmələ gəlir. Naxçıvan MR-da mövcud olan alp çəmənliklərinin tərkibi, öz ekoloji xüsusiyyətlərinə görə bir neçə yerə ayırmaq olar: alp xalıları, alp çimli çəmənləri, mezofil çəmənləri (taxıllı və taxıllı-müxtəlifotlu), alp çəmən-bozqırları və s.
Meşələr 1500-2400 m hündürlüklərdə talalar şəklində yayılmışdır. Naxçıvan Muxtar respublikasının meşələrinin növ tərkibi zəngin olduğu kimi, fitosenoloji quruluşu da mürəkkəbdir.Ərazinin ekosistemini enliyarpaqlı ağac-kol (şərq palıdı, gürcü palıdı,hündür göyrüş və .b) və tuqay, sahilboyu ( yulğun, söyüd, qovaq, qarağac, tikanlı karvanqıran və b.0 və arid seyrək meşəliklər ( ardıc, püstə, murdarça və b.) əmələ gətirir. Meşələr qar və yağış sularının qidalandığı nisbətən rütubətli dağ yamaclarında qalmışdır. Belə tala meşələr Şahbuz rayonunun Biçənək, Batabat, Yuxarı Qışlaq, Uzun meşə, Culfa rayonunda Sultanbud, Xəzinədərə, Şadara, Gəvik, Qəndi, Kalbaoruc, Kola, Duman, Ordubad rayonunda Nürgüt, Ələhi, Xurs, Bist, Tivi, Parağa, Nəsirvaz kəndlərinin ətrafında yayılmaqla Tillək, Palıdlıdərə, Talalar, Aşağı Cəlil, Yuxarı Cəlil və Nəsirvaz meşələrindən ibarətdir.
Bu meşələrin əsas qurucuları Şərq palıdı, Adi göyrüş, Meyer yemişanı, Şərq yemişanı, Gürcü ağcaqayını, Qafqaz armudu, Söyüdyarpaq armud, Şərq alması, Avropa gərməşovu və s.
Tuqay meşələri Araz çayı, Şərqi Arpaçay, Naxçıvançay, Gilənçay, Düylünçay, Ordubadçay boyunca yerləşərək yaşıl örtük əmələ gətirirlər. Tuqay meşələrini formalaşdıran əsas ağac və kollara Meyer yulğunu, Çoxbudaqlı yulğun, Koçi yulğunu, Doqquzerkəkcikli yulğun, Uçerkəkcikli söyüd, Ağ söyüd, Bozumtul qovaq, Cənub qovağı, Titrək qovaq, Kiçik qarağac və s. növlər aiddir.
Dərman Bitkiləri
Müasir təbabətdə dərman bitkilərindən istifadəyə xüsusi diqqət və əhəmiyyət verilir. Yer kürəsində istehsal olunan dərman peraparatlarının 50% -dən çoxu bitki mənşəllidir, çünki, dərman bitkilərinin tərkibindəki orqanizm üçün xas olan bir sıra təbii kimyəvi birləşmələr fizioloji proseslərə təsir edərək, müdafiə xarakterli reaksiyalar yaratmadan orqanizmin immun reaksiyalarını artırırlar. Beynəlxalq Farmokopeyalara daxil edilmiş rəsmi dərman bitkilərinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Naxçıvan muxtar Respublikası florasında rəsmi dərman bitkiləri 48 fəsilə və 105 cinsə malik olan 132 növlə təmsil olunmuşdur. Qeyd edilən növlərdən 44-ü becərilən, 88 növü isə təbii halda yayılmışdır ki, onlardanda 11 növü Naxçıvan Muxtar Respublikanın " Qırmızı kitabı"na daxil edilmişdir. Rəsmi dərman bitkilərinin 25 növü birillik, 62 növü coxillik, 21 növü kol və 24 növü ağaclarda ibarətdir.
Muxtar Respublika ərazilərində yayılmış dərman bitkiləri aşağıdakı xəstəliklərin müalicəsində tətbiq olunur.
1. Mərkəzi sinir sistemi xəstəlikləri müalicəsində pişikotu (Valeriana officinalis l.), jenşen (Panax Cinseng) və s.
2. Ürək-damar sistemi xəstəlikləri müalicəsində xoruzgülü (Adonis vernalis l.), yemişan (Crataegus) və s.
3. Spazmolitik və ağrıkəsən xəstəliklərin müalicəsində xanımotu (Atropa belladona l.), bat-bat (Hyoscyamus niger l.), kəklikotu (Thymus vulgaris), nanə(Mentha piperita), şüyüd (Anethum graviolens) və s.
4. Tənəffüs orqanları xəstəlikləri müalicəsində gülxətmi (Althae officinalis), ardıc (Juniperus), biyan (Gtycyrrhiza gtabra l.), andız (Znula) və s.
5. Mədə-bağırsaq xəstəlikləri müalicəsində zəncirotu (Taraxacum), bağyarpağı (Plantago), çaytikanı (Hippophae rhamnoides l.), günəbaxan (Helianthus annuus), kələm (Brassica oleracea) və s.
6. Qaraciyər, öd kisəsi, böyrək və sidik yolları xəstəlikləri müalicəsində dağtərxunu (Fanacetum), zirinc (Berberis vulgaris),qarğıdalı (Zea maus), itburnu (Rosa caninal) və s.
7. Qankəsən və daxili qanaxmaların müalicəsində gicitkan (Urtica l.), zirinc (Berberis vulgaris), quşəppəyi (Capsella), çaytikanı (Hippophae rhamnoides l.) və s.
8. Dəri xəstəlikləri müalicəsində dazı (Hypericum l.) ardıc (Juniperus), soğan (Allium cepa), sarımsaq (Allium sativum) və s.
9. Bağırsaq qurtlarına qarşı balqabaq tumu (Cucurbita maxima), kəklikotu (Thymus vulgaris), dağtərxunu (Fanacetum) və s.
10. Antiseptik və soyuqdəyməyə qarşı kəklikotu (Thymus vulgaris), sumaq (Rhus coriaria), badam (Amygdalis comamunis), quşüzümü (Solanum) və s.
11. Göz xəstliklərinin müalicəsində sumaq (Rhus coriaria), nar (Punica granatum) qara ağacın meyvələri (Ulmus) və s.
Qırmızı Kitaba düşmüş dərman bitkilər:
1. Venera saçlı adiant
2. Erkək ayı döşəyi
3. Adi ardıc
4. Qazax ardıcı
5. Çəhrayı ardıc
6. Erkək səhlab
7. Yaşımtıl-sarı ləçəkotu
8. Əyilə tozağacı
9. Üçrəng bənövşə
10. Adi nar
11. Kiçik qıfotu
Muxtar Respublikada yabanı dərman bitkilərinin qanunsuz toplanmasına nəzarət gücləndirilib.
Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 03 oktyabr 2016-cı il tarixli 2358 nömrəli sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb. Milli Strategiyaya əsasən yabanı dərman bitkilərinin xammalının yalnız lisenziya almış fiziki və hüquqi şəxslər tərəfindən tədarük edilməsini, yabanı dərman bitkilərinin yığılması və istifadəsini həyata keçirə bilər. Milli Strategiyaya əsasən yabanı dərman bitkilərinin xammalının yalnız lisenziya almış fiziki və hüquqi şəxslər tərəfindən tədarük edilməsini, yabanı dərman bitkilərinin yığılması və istifadəsini həyata keçirə bilər.
Nadir Bitkilər
Qarabağ dağ laləsi (Tulipa karabachensis)- Ordubad, Şahbuz və Culfa rayonlarındakı dağ ətəyi kolluqlarda bitir.
Şrenk dağ laləsi (Tulipa şrenkhensis)- Şahbuz rayonundakı Batabat çəmənliklərində bitir.
Yuliya dağ laləsi (Tulipa Julia)- Əsasən Şahbuz rayonundakı Salvartı və Batabat yaylalarında daha çox yayılmışdır.Külək vasitəsilə toxumları tökülərək Əlincə çayının sahillərində də bitmişdir.
Felipeya dağ laləsi (Tulipa felipeis)- Əsasən Şahbuz rayonundakı Biçənək və Kükü kəndi ətrafındakı Keçəl dağda yayılmışdır.
Qaraquş zəng çiçəyi (Campanulaceae)- Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ çiçəyidir. Ordubad, Culfa, Şahbuz, Şərur rayonlarındakı çəmənliklərdə yayılmışdır.
Güləbətin (Pulsatilla violacea)- Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Şahbuz rayonundakı Salvartı yaylağında (gölün ətrafında) və Ordubadın “Göygöl” ərazilərində yayılmışdır.
Tıs-tıs (Echinopsilon)- Ən çox Ordubad, Şahbuz, Kəngərli, Babək və Sədərək rayonlarındakı uca dağlarda bitir.
Komarov şaqqıldağı (Matthiola)- Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubad, Culfa, Şahbuz rayonlarındakı dağ yamaclarında daha çox yayılmışdır.
Çox rəngli dağ laləsi (Tulipa)- Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ-narıncı rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və təpəlik çəmənliklərində rast gəlinir.
Kirpiyə bənzər tıs-tıs (Echinopsilon E.)- Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayaraq tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır.
Gəvən (Astagalaus)- Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz, rayonlarındakı yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır.
Gəngiz otu (Sambucus ebulus)- Muxtar Respublikanın dağ- çəmən zonalarında bitir, yerli əhali tərəfindən dağ yamaclarında digər çəmən otları ilə bərabər biçildiyindən, vegetasiya dövrünü başa çatdırıb toxumlaya bilmir.
Pişikquyruq otu (Phıleum pratense)- Taxılkimilər fəsiləsindən olan alaq otu, dağ ətəyi otlaq
Süddüyən otu (Euphorbia)- Südlübian çoxillik ot bitkisi Muxtar Respublikanın bütün rayonlarında xüsusilə düzənlik-çəmən sahələrdə yayılmışdır.
Dağ zanbağı (Liliaceae)- Zanbaqkimilər fəsiləsindəndir. Muxtar Respublikanın Şahbuz, Kəngərli, Sədərək, Şərur rayonlarında dağ ətəklərində yayılmışdır.
Çaytikanı (Hippophae rhamnoides L.)- İydə fəsiləsindən olan kol bitkisi.
Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubad və Culfa rayonlarındakı çay kənarlarında rast gəlinir. Azərbaycan MEA-ın Naxçıvan Şöbəsi Təbii Resurslar İnstitutunun Şıxmahmud kəndindəki “Nəbatət bağı”nda bir neçə növü əkilib becərilir.
Boymadərən (Achillea)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Naxçıvan MR-da bütün rayonlarında çəmən və çay sahillərində yayılmışdır.
Gülxətmi (Althae officinalis)- Muxtar Respublikanın bütün rayonlarında dağçəmən və düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır.
Kəklikotu (Thymus vulgaris)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni Qafqaz dağlarıdır. Naxçıvan MR-da kəklikotu bitkisi əsasən
Şahbuz rayonundakı Batabatla Salvartı yaylasında və Ordubad rayonundakı “Göygöl” ətrafındakı güneylərdə ətirli növü yayılmışdır.
Dağ nanəsi (Zizip hora)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir.
Azərbaycanda nanənin beş növü o cümlədən Naxçıvan MR-da dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır.
Zirinc (Berberis vulgaris)- Zirinckimilər fəsiləsindən olan kol bitkisi. Yer üzündə 175 növü vardır ki, Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Naxçıvan MR-da Ordubad, Şahbuz, Culfa və Kəngərli rayonlarındakı dağ ətəyi kolluqlarda daha çox yayılmışdır.
Dovşan alması (Cotoneaster Medic)- Muxtar Respublikanın Ordubad və Şahbuz rayonlarındakı kolluqlarda yayılmışdır.
Yemişan (Crataegus)- Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək, Culfa və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda yayılmışdır.
Dağdağan (Celtis)- El arasında bəzən bu kol-ağaca “müqəddəs daş ağacı” da deyərlər. Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 metrdən artıq olur. Kol-ağac bitkisi Orta Asiyada, Qara dəniz və Aralıq dənizi sahilləri ölkələrində, o cümlədən də Qafqazda yayılmışdır. Naxçıvan MR-da yalnız Şərur, Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir. Babək rayonundakı Əshabi-Kəhf (Culus) dağındakı “cənnət bağı” deyilən sahədə yalnız bir növünə (Celtis caucasica) rast gəlmək mümkündür. Dağdağanın meyvələri “müqəddəs” sayıldığından inanclarla bağlı olduğu üçün insanlar tərəfindən “göz muncuğu” adı ilə kütləvi surətdə qırılıb məhv edilməkdədir.
İnnab (Ziziphus)- Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. İnnabın dünyada 400-dən artıq növü vardır ki, Qafqazda (Naxçıvanda) yayılan Ziphus jujuba növüdür. İnnab uzun ömürlü kol-ağac bitkisidir. 200-300 ildən artıq yabanı halda Kiçik Qafqazın Laçın rayonundakı Qarıqışlaq kəndi ərazisində yayılmışdır.
Sumaq (Rhus coriaria)- Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəyi kolluqlarda sumaq bitkisi təbii halda yayılmışdır. Sumağın şirəsini gün altında saxlayıb qatılaşdıqdan sonra gözə çəkməklə mirvari suyunu aradan götürmək olar. Kütləvi surətdə qırılıb yandırıldığından nadir bitkinin nəsli kəsilmək üzrədir.
Nərbənd (Ulmus densa)- Qaraağackimilər fəsiləsindən enliyarpaq çoxillik bəzək ağacının vətəni Kiçik Qafqaz-Naxçıvandır. Əvvəllər Naxçıvandakı kolxoz təsərrüfatı ərazilərindəki əkinlərin içərisində tək-tək nərbənd ağaclarına rast gəlinirdi. Naxçıvan MR-ın Kəngərli rayonundakı Xok kəndində, Şərur rayonundakı Mahmudkənd ərazilərində və Babək rayonundakı Qahab kəndi ərazilərində yayılmışdır. Xalq təbabətində nərbəndin meyvələrindən təpitmə kimi müxtəlif xroniki yaraların sağalmasında istifadə edilir.
Pişpişə (Salicaceae)- Söyüdkimilər fəsiləsindən olan kol-ağac bitkisinin Azərbaycanda 14 növündən ikisi Muxtar Respublika ərazilərində yayılmışdır. Muxtar Respublikanın ərazilərindəki çay kənarlarında yayılsada mal-qara tərəfindən yeyilərək nəsli kəsilmək üzrədir. Pişpişənin salxım söyüd və civir növləri Şahbuz rayonundakı Kükü kəndində daha çox yayılmışdır. Rəngkarlıqda pişpişə oduncağının kömüründən “cizgi qələmi” kimi istifadə edirlər. Nadir ağackol bitkisinin kölgəsində yatmaqla revmatik xəstəliklər üçün təhlükəlidir.
Yulğun (Tamarix)- Yulğunkimilər fəsiləsindən (tamaricacea) olan kol ağac bitkisinin vətəni Aralıq dənizi ölkələri olaraq sonradan Cənubi Avropa ilə Afrikaya da yayılmışdır. Azərbaycanda yulğun bitkisinin 7 növündən ikisi Naxçıvan MR-da yayılmışdır. Haliyyədə Muxtar Respublika ərazilərində yulğun bitkisinin nəsli kəsilmək üzrədir. Kənd əhalisi yulğun bitkisini kökündən çıxarıb yanacaq kimi istifadə edirlər.
Ardıc- sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Naxçıvan Muxtar Respublikası ərazilərində iki növü (düzduran və yerə yatan) yayılmışdır. Toxumlu ağacın “qozları” adətən yerə əkiləndən iki il sonra yetişir. Azərbaycanda ardıcın 6 növü vardır ki, onlardan ikisi Muxtar Respublikanın Şahbuz, Ordubad, Sədərək və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda bitmişdir. Şahbuz rayonundakı Biçənək qoruğunda ardıcın 3 növünə rast gəlinir. Onlar Adi ardıc (Juniperus communis), Mərkəzi Asiya ardıcı (Juniperus sabina) və Virginiya ardıcı (Juniperus virginiana)dır.
Bənövşə (Violaceae)- İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dünyanın isti və mülayim qurşaqlarındakı uca dağ ətəyi çəmənlik və kolluqlarda yayılmışdır.
Baldırğan (Heracleum)- Çətirçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan Muxtar Respublikası|Naxçıvan MRda isə 2 növü yayılmışdır. Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarındakı dağçəmənliklərində bitir. Muxtar Respublikanın Şahbuz rayonundakı Salvartı yaylasında bitən baldırğan növü bəzək bitkisi kimi, Kükü kəndi (Keçəldağ yamaclarında) ətrafındakı yayılmış növü isə sənaye əhəmiyyətlidir.
Şiyav (Ağot və ya Stipa)- Taxıllar fəsiləsindən olan çoxillik ot bitkisi cinsindəndir. Dünyada 300, Azərbaycanda 24 növü yayılmışdır. Şiyav bitkisinin bir növü Naxçıvan Muxtar Respublikası ərazilərində-Babək rayonundakı Payız kəndində (Lizbirt dərəsində) və Şahbuz rayonundakı Batabat yaylasındakı otlaqlarda yayılmışdır. Muxtar Respublikada olan nadir bitki növünü (Stipa nachiczevanica) endemik olaraq keçən əsrin axırlarında Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin müəllimi dosent İ.Sadiqov tərəfindən elmi şəkildə öyrənilmişdir.
Qafqaz xurması (xirnik)- (Diospyeros lotus)-Ebenakimilər|Ebena fəsiləsindən olan subtropik çoxillik bitki növü. Bitki -25 Cº şaxtaya dözdüyü ümün Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son illərdə Astaradan gətirilmiş tinglərlə həvəskar bağbanlar tərəfindən Ordubad, Şahbuz və Babək rayonlarındakı meyvə bağlarında əkib-becərilir.
Çinar (Platanus)- Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşlarının səyi ilə Naxçıvan şəhərindəki park və meydançalarda çinar ağacları əkilib-becərilir. Naxçıvan Muxtar Respublikasında meşə sahəsi 0,01 % olaraq yalnız Şahbuz rayonu ərazisindədir.
Zəhərli bitkilər
Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;
Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd, dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.