Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin Peşə Bayramı qeyd olunub

Nazirliyin kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.

Nazirliyin inzibati binasında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev əvvəlcə kollektivi səmimi qəlbdən təbrik edib, Nazirliyin əldə etdiyi uğurlardan, həyata keçirilən ekoloji layihələrdən və qarşıda duran əsas hədəflərdən danışıb. O bildirib ki, bu il Nazirliyin yaradılmasının 25 illik yubileyi qeyd olunur və ötən dövr ərzində ölkəmizdə, o cümlədən muxtar respublikada ətraf mühitin qorunması, biomüxtəlifliyin mühafizəsi, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadənin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Xanlar Mustafayev kollektivin peşəkarlığını yüksək qiymətləndirərək gələcəkdə də daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib.

Daha sonra səmərəli əmək fəaliyyəti ilə fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim edilib. Həmçinin Nazirliyin həyata keçirdiyi ekoloji tədbir və layihələrdə fəal iştirak edən ekokönüllülər də fəaliyyətlərinə görə təltif olunublar.

Tədbir Nazirliyin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.