Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və yer qatının daxilində kristallaşmış süxurların mövcudluğu geoloqların və səyyahların diqqətini hələ XVIII əsrin ortalarından cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiyanın geoloji ədəbiyyatında Alp qurşağının yer qatlarının nisbi yaşı məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan "Naxçıvan lakkolitləri" (Əlincə, İlandağ və s.) və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması hələ qədim vaxtlardan Naxçıvan ərazisində duz, mərgümüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir; orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları "Cavahirnamə" yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin 2-ci yarısından başlanmış, planauyğun surətdə müntəzəm öyrənilməsi isə Naxçıvan MR yarandıqdan sonrakı dövrə aiddir. Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy (Yerin geoloji tarixinin son 65 mln. ili), Mezozoy (65-248 mln. ili), Paleozoy (248-540 mln. ili) dövrlərinin çökmə, vulkanogen-çökmə, yerüstü vulkanların püskürmə qatlarından və yer qatının daxilində kristallaşmış süxurlardan təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Paleozoy qırışıqlığını təmsil edən Şərur-Culfa qalxıntısı, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşun özülü isə Baykal tektonik siklində (600 mln. il bundan əvvəl) yüksək dərəcədə dəyişikliyə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və s.) süxur qatları təbəqələrindən, Yer qabığının "qranit" qatından ibarətdir. Onların Yer səthinə yaxın yatımları Devon-Trias (390-220 mln. il bundan əvvəl) çöküntülərinin çıxışları sahəsinə təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 mdərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48-54 kmolaraq, "qranit" qatı 15-20 km-ə, "bazalt" qatı 20-25 km-ə çatır.