Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayon ərazisində "Təbiət naminə öyrənək" şüarı ilə gənclər üçün təlim və təcrübə günü təşkil olunmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov və Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli çıxış edərək keçirilən tədbirin məqsədindən, gənclərin ekoloji bilik və bacarıqlarının artırılması və təbiətdən düzgün istifadənin təşviqindən danışıblar. Vurğulanıb ki, bu kimi tədbirlər gənclərin ekologiya sahəsində yeni bilik və bacarıqlar qazanmasına xidmət edir.
Sonra təlimlərə start verilib. Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli “Kompas nədir? və ondan necə istifadə olunur?”, “Meşədə üfüqün cəhətləri necə müəyyənləşdirmək olar?” mövzularında gənclərə ətraflı məlumat verib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları Hüseyn Rəsulzadə “Meşə sahələrinin qorunması və artırılması”, “Təbiəti necə qoruyaq və müalicə edək”?, Qədir Məmmədov isə “Naxçıvan Muxtar Respublikasının meşə örtüyü və onun qorunması” mövzularında maarifləndirici çıxışlar ediblər.
Təlimin praktik hissəsində isə mövzuların asan mənimsənilməsi üçün yarışmalar, sual-cavab və “Təbiəti mühafizə nişanları”, “Xalq təqvimi”, “Təbiətdə qarşılıqlı əlaqələr” ekoloji oyunları keçirilib.
Gənclər Zəngəzur Milli Parkının Şahbuz rayon ərazisində fəaliyyət göstərən muzeylə tanış olublar. Muzeydə nümayiş olunan milli parkın ərazisində mövcud heyvanlardan bezoar dağ keçisi, vaşaq, ayı, qartal müqəvvaları gənclərdə xüsusi maraq doğurub.
Sonda gənclər onlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında diskussiyanı davam etdiriblər.