Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikası ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, təbii mühitin zənginləşdirilməsi və biomüxtəlifliyin qorunması istiqamətində tədbirlər davam etdirilir.
Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin və Zəngəzur Milli Parkı əməkdaşları tərəfindən Gəvik və Bist Dövlət Meşələrində toxumla əkin işləri aparılıb.
Görülən işlər zamanı hər iki meşə ərazisində ümumilikdə 20 hektar sahəyə bölgənin iqlim və torpaq xüsusiyyətlərinə uyğun ağac və kol bitkilərinin toxumları səpilib.
Gəvik Dövlət Meşəsində 10 hektar sahədə 160 kiloqram toxum istifadə olunub ki, bunun 60 kiloqramını itburnu, 60 kiloqramını yemişan, 40 kiloqramını isə badamça toxumları təşkil edib.
Bist Dövlət Meşəsində isə 10 hektar əraziyə 150 kiloqram toxum səpilib. İstifadə olunan toxumların 50 kiloqramını itburnu, 60 kiloqramını yemişan, 40 kiloqramını isə badamça toxumları təşkil edib.