Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində və Babək rayonunda “Təmiz hava” aylığı çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı xüsusi texniki avadanlıqlar vasitəsilə daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən atmosferə atılan qaz tullantılarının tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb, normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Sürücülərə, həmçinin sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə istifadələrində olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Məhərrəmova Səkinə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd avtomobillər tərəfindən atmosfer havasının çirkləndirilməsi səviyyəsinin öyrənilməsi, ətraf mühiti normadan artıq çirkləndirən nəqliyyat vasitələrinin aşkar olunaraq istismarının məhdudlaşdırılması, eyni zamanda atmosfer havasının mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsidir.
Qeyd olunub ki, keçirilən tədbirlər ətraf mühitin təmizliyinin və ekoloji təhlükəsizliyin qorunmasına, eləcə də ekoloji nəzarətin daha da gücləndirilməsinə xidmət edir. Atmosfer havasına normadan artıq çirkləndirici maddələr atan nəqliyyat vasitələrinin idarə olunmasına və istismara buraxılmasına şərait yaradan fiziki və hüquqi şəxslər isə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.