Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərlərinin və aidiyyəti şöbələrinin birgə iştirakı ilə keçirilən görüşdə sənayedə istifadəsi perspektivli hesab olunan təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi məsələləri müzakirə olunub.
Ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev Naxçıvanda ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə olunması və digər istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlərin görüldüyü barədə məlumat verib. Bildirilib ki, indiyədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində muxtar respublikada öyrənilmiş müxtəlif növ filiz, qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqlarından səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq.
İqtisadiyyat naziri Tapdıq Əliyev sənayedə istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, təbii resursların sənayenin müxtəlif sahələrinin, o cümlədən metallurgiya, tikinti, kimya, qida və digər sahələrin inkişafında rolunu xüsusi vurğulayıb.
Nazir bildirib ki, dağ-mədən sənayesi inkişaf etdiriləcək, yeni layihələr hazırlanaraq sahibkarlara təqdimatı keçiriləcək, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcək.
Bununla yanaşı, dövlət balansında qeydiyyata alınmış qeyri-filiz faydalı qazıntı ehtiyatları olan seolit, gips, gəc, keramika xammalı, dolomit, gil, travertin, soda üçün əhəngdaşı xammalı, şüşə xammalı sənayenin müxtəlif sahələrində istifadəsinə geniş imkanının olduğu müzakirə edilib.
Mövcud potensial və imkanlar barədə sahibkarlıq subyektlərində aydın təsəvvürün formalaşdırılması, onların təbii resurslardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə müvafiq komissiya yaradaraq bundan sonrakı işlərin daha sürətlə aparılması təmin ediləcək.