Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ordubad rayonunun Vənənd kəndində ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib

Ordubad rayonunun Vənənd kəndində ətraf mühitin mühafizəsi və ekoloji qanunvericiliyin tələblərinə həsr olunan ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları çıxış edərək ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər, ekoloji qanunvericiliyin tələbləri, eyni zamanda vətəndaşların bu sahədə hüquq və vəzifələri barədə ətraflı məlumat veriblər.

Çıxışlar zamanı vurğulanıb ki, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində ictimai maarifləndirmə mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə daha sonra yaşıllıqların mühafizəsi, tullantıların düzgün idarə olunması, qanunsuz ov hallarının qarşısının alınması, su və torpaq ehtiyatlarının qorunması, eləcə də təbiətə zərər vuran digər hüquqpozmalara qarşı mübarizə mövzularına toxunulub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ətraf mühitin qorunmasında hər bir vətəndaşın məsuliyyəti və fəal iştirakının vacibliyi bir daha diqqətə çatdırılıb.