Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

20 may 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli qurumlarının Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunan əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazanaraq Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilib. Nazir qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət ölkəmizin davamlı inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və xalqın rifahının yüksəldilməsini təmin edir. O, partiyaya yeni qəbul olunan üzvlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların dövlətçiliyə və milli dəyərlərə daim sadiq qalacaqlarına əminliyini ifadə edib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqları və dövlətçilik prinsiplərini əsas tutaraq Azərbaycanın inkişafına mühüm töhfələr verib. O, partiyanın keçdiyi şərəfli inkişaf yolundan, əldə olunan uğurlardan və cəmiyyətin müxtəlif sahələrində qazandığı nailiyyətlərdən bəhs edib, partiyaya yeni qəbul olunan üzvlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib.