Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Məmmədov Oktay Əsgər oğlu

əsgər

Şərur

Doğum tarixi: 15.06.1964

Məmmədov Oktay Əsgər oğlu 15 iyun 1964-cü ildə Şərur rayon Aralıq kəndində anadan olmuşdur. 1973-cü ildə Aralıq kənd 8 illik məktəbinə daxil olmuşdur. 1981-ci ildə Aralıq kənd 8 illik məktəbini bitirmiş, orta təhsilini Qarxun kənd orta məktəbində davam etdirmiş və 1983-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.

    1983-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, 1983-1985-ci illərdə hərbi xidmətini Ukraynada keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıtmış və ailəyə kömək məqsədilə tikinti təşkilatında fəhlə işləmişdir. 1987-ci ildən Aralıq kənd orta məktəbində gözətçi vəzifəsində işləməyə başlamışdır.

      Vətən qeyrəti, torpağa bağlılılıq onu 1990-cı ildən yaradılmağa başlayan hərbi könüllülər dəstəsinə qoşulmağa sövq etmişdir. 1990-cı ildən 1993-cü ilə qədər Sədərək kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək rəşadət göstərmiş və onun rəşadəti rayon komissarlığı tərəfindən layiqincə qiymətləndirilmişdir.

      Azərbaycanın digər bölgələrindən gələn ağır xəbərlər "Şərur qartalları" adlanan hərbi-könüllü dəstəni yenidən səfərbər etdi. 1993-cü il aprelin 27-si xüsusi təyyarə ilə "Şərur qartalları" Qarabağın döyüş bölgəsinə yollandı. Həmin gündən başlayaraq Ağdam rayonunun ən qaynar nöqtəsi olan Şelli kəndində Oktayın göstərdiyi cəsarət və rəşadəti haqqında sədalar gəlirdi. Göstərdiyi qəhrəmanlığa görə ona qısamüddətli məzuniyyət verilmişdi. Doğma kəndinə gələn Oktay məzuniyyəti tamam olmamış yenidən döyüş bölgəsinə qayıdır.

     Döyüşlərin birində onun üzərinə yeridilən iki tankdan birini məhv etmiş, digərini məhv etməyə qalxarkən düşmən fürsəti əldən vermədən onu snayperlə vurmuşdur. Oktayın igidliyi onu şəhidlik zirvəsinə yüksəltdi.

     Oktayın nəşi 1993-cü il iyunun 13-də doğma kəndinə yola salınmışdır.

15 iyun 1993-cü ildə şəhid Oktay Məmmədovun nəşi Şərur rayon Aralıq kənd qəbirstanlığında dəfn olunmuşdur.

       Aralıq kənd tam orta məktəbinin həyətində onun qranitdən büstü qoyulmuşdur.