Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“22 aprel– Beynəlxalq Yer Günü” ilə əlaqədar "Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!" devizi altında Uzunoba su anbarının ətrafında təmizlik aksiyası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə “22 aprel– Beynəlxalq Yer Günü” ilə əlaqədar könüllü qruplarından ibarət gənclərin iştirakı ilə "Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!" devizi altında Uzunoba su anbarının ətrafında təmizlik aksiyası keçirilmiş, daha sonra 2018-ci ildə salınmış Gənclər bağında təmizlik və abadlıq işləri görülmüşdür.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün, 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında müxtəlif aksiyalar keçirilərək qeyd olunur. Muxtar respublikamızda təbiətin mühafizəsi sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur. Vurğulanıb ki, mütəmadi olaraq təşkil olunan bu cür aksiyalar gənclərin bu sahə üzrə maarifləndirilməsinə, onların ekoloji biliklərinin artırılmasına xidmət etməklə yanaşı, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların çoxaldılmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat almasına və ona qayğıkeş münasibət göstərməsinə müsbət təsir göstərir. Tədbirin keçirilməsində məqsəd insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq və ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
Tədbirdə iştirak edənlərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırırıq.