Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Mayın 20-də Batabat Astrofizika Rəsədxanasında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Mayın 20-də Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümyəndəliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Ümumilli Liderin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə, “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-a həsr olunmuş konfransda əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli hər kəsi salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin sazçalanlar ansamblı aşıq mahnıları ifa ediblər.

Sonra akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Səlahiyyətli nümayəndə universitetin könüllü tələbələri ilə ağac əkib. Əkin zamanı ərazinin iqlim şəraitinə uyğun olan kol bitkilərinin toxumlarından da istifadə edilib.

Fuad Nəcəfli könüllü tələbələrlə xatirə fotosu çəkdirib. Tələbələr “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş plakatlar nümayiş etdiriblər.

Konfrans çərçivəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri Batabat yaylağının əsrarəngiz təbiətinə dair etüd təşkil ediblər.

Konfrans çərçivəsində könüllü tələbələrin iştirakı ilə Batabat ərazisində təmizlik aksiyası da keçirilib.