Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Mineral sular

Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqlarının böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlığındadır. Onlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi-balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 mln. illə 500-700 min il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə "Tanrı ocağı", deyə inanmışlar; onlara qotur suyu, yel suyu, mədə suyu, dəri suyu, şor su, vayxır və s. Adlar vermişlər. Naxçıvan mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi, demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin temperaturu 8°C - 22°C-dir. Sirabda və Darıdağda buruq quyularından hərarəti 50°C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium - Ca, qələvilər Na+K və maqnezium Mg kationları və hidrokarbonat HCO3, sulfat - SO4 və xlor - Cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 mln. l su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir: Ordubad rayonunda təqribən 1000 km2 sahədə 29 mineral su bulağı var. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili-hidrokarbonatlı sularının bir qismi məşhur "Narzan"dan geri qalmır, digərləri isə müalicə qabiliyyətinə görə daha üstündür. Culfa rayonunda 900 km2 sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgmüşlü olub mineral suların karbonatlı-mərgmüşlü-dəmirli, xlorlu-hidrokarbonatlı-natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst-üstə 3125783 l/gün, temperaturu 17-dən 52°C-dəkdir. Mənbələrin bir çoxu qaynayır və fontanla yer səthinə çıxır. Su yer səthinə çıxdıqda külli miqdarda qaz ayrılır. Hələ qədim zamanlardan Darıdağ mineral sularından müalicə vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu sular vasitəsilə müxtəlif əzələ, oynaq, sümük və dəri xəstəlikləri müalicə olunur. Darıdağ mərgmüşlü suyu bu qəbildən dünyada məşhur olan İtaliyadakı "Cənubi Tirol", "Ronçenyo", Fransadakı "Lya-Bulbul" mərgmüşlü sularından həm keyfiyyətinə, həm də gündəlik debitinə görə xeyli üstündür. Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km2 sahədə 50-dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox tamlıdır. Debiti üst-üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə, əsasən, karbon turşulu-hidrokarbonatlı-natriumlu, xloridli-kalsiumludurlar. Onların müalicə əhəmiyyəti tədqiq olunmuş və müəyyən edilmişdir ki, "Badamlı" suyu qaraciyər və öd kisəsi xəstəliklərinə müsbət təsir göstərir və müalicə xüsusiyyətləri Kislovodskin (Şimali Qafqaz) "Narzan" sularının xüsusiyyətlərinə oxşardır. Babək rayonunun 1200 km2 ərazisi daxilində 50 mineral-müalicə su mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Sirab mineral sular qrupunun debiti 2 247 265 l/gündür. Temperaturu 16-24°C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür. Sirab-12 az minerallaşmış, soyuq, karbon qazlı, hidrokarbonatlı-maqneziumlu-natriumlu-kalsiumlu, dolomitli "Narzan" tipli müalicəvi-süfrə suyu kimi xarakterizə edilir. Karbon qazlı, orta minerallaşmış, hidrokarbonatlı-kalsiumlu-natriumlu Sirab-8 mineral suyu "Borjomi" tipli mineral suyun analoqudur. Vayxır-7 mədənin xroniki xəstəlikləri, qara ciyərin və öd yollarının xəstəlikləri zamanı məsləhət görülür. Cəhri bulağı-1 "Slavyanskaya" müalicəvi-süfrə suyunun, Cəhri bulağı-2 Badamlı-4 müalicə suyunun, "Əshabi-kəhf" mineral suları Pyatiqorsk (Şimali Qafqaz) radonlu suyunun analoqudur. Şərur rayonu mineral su bulaqları baxımından çox zəngin deyildir. 1316 km2 ərazidə cəmi 7 mineral su mənbəyi öyrənilmişdir; suların ümumi ixracı rayon üzrə 1,5 mln. l-dən çox deyil. Bahasu mineral su bulağı Sədərək rayonunda eyniadlı kənddən cənubda, Araz çayının sahilindədir. Bahasu bulağının Naxçıvan MR-də yeganə hidrokarbonatlı-maqneziumlu mineral su olduğu ehtimal edilir. Yerin təkində maqnezitli çöküntülər daxilindən başlayaraq səthə çıxır. Mineral sular içərisində məşhur müalicə əhəmiyyətli olanları, həmçinin süfrə suyu kimi istifadə olunanlardan Badamlı, Sirab, Vayxır, Darıdağ, Qızılvəng, Nəhəcir, Qahab, Ordubadın "Narzan" tipli bulaqlarını göstərmək olar. Bulaqlar əsasında Badamlı, Darıdağ balneoloji müalicəxanaları fəaliyyət göstərir. Sənaye üsulu ilə mineral su istehsalına 1947-ci ildən başlanmışdır. Hazırda muxtar respublikada 3 mineral su zavodu vardır. Bunlardan ikisi "Badamlı" və "Sirab" mineral su zavodları bir başa mənbələrin yanında, digəri isə Naxçıvan şəhərindədir. Son illərdəki iqtisadi durum və blokada şəraiti bu zavodların fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hazırda zavodların yenidən qurulması, yeni texnoloji avadanlıqlarla təchizi zərurəti meydana çıxmışdır.
Daxili sular Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrindən götürür. Muxtar respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri və s.) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişiklikliyə uğramışdır.Hazırda Zəngəzur silsiləsinin cənub-qərb yamacında Naxçıvan çökəkliyinə doğru istiqamətlənən qədim çay dərələrinin qalıqları izlənilir. Zəngəzur silsiləsində - Sakkarsuyun yuxarı axarlarında, Göygöl, Qazangöldağ, Qapıcıq, Gəmiqaya bölgələrində qədim buzlaq relyefi formaları (troq, kar, moren), həmçinin zirvələrdə yayda əriməyən qar topaları var. Süni su arxları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarmada və su təchizatında geniş istifadə edildiyindən aşağı axarında onların suyu mənsəbə çatmır, tam quruyur. Çaylar Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük və kiçik çay var. Bunlardan 334-nün uzunluğu 5 km-dək, 31-ninki 6-10 km, 24-nünkü 1125 km, 7-ninki 26-50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51-100 km, 1-ninki (Arpaçay) isə 100 km-dən artıqdır.

Çaylar Uzunluğu (km) hövzəsinin sah (kv. km)
Arpaçay 126 2630
Naxçıvançay 81 1630
Əlincəçay 62 599
Gilançay 53 426
Bağırsaqdərə 33 117
Düylünçay 30 124
Vənəndçay 29 91
Parağaçay 21 48
Küküçay 20 105
Ordubadçay 19 42


Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir göstərir. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir; Naxçıvançaydan qərbdə son dərəcə zəif, ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır. Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. Çaylar yeraltı sular və qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35-50%) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərə çarpacaq dərəcədə (35-45%) iştirakıdır. Çaylar ilin 68 ayı ərzində, başlıca olaraq, yeraltı sular hesabına qidalanır. Yazda və yayda daşqınlar olur. Azərbaycan Respublikasında baş verən sellərin 33-35%-i Naxçıvan MR-in payına düşür. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm də enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Bu çayların ümumi enerji gücü 183,4 min kvt-dır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinədək bütün çaylar boyunca suvarma məqsədilə istifadə edilir. Ərazidə bitki örtüyünün zəif inkişafı, çay hövzələrinin dağlıq relyefə malik olması, kəskin kontinental iqlimin təsiri nəticəsində dağ suxurlarının intensiv surətdə aşınması, şiddətli torpaq eroziyası və aşınmış materialların toplanması, vaxtaşırı gur leysan yağışlarının yağması və dolu düşməsi tez-tez sel hadisələrinin baş verməsinə səbəb olur

Göllər

Muxtar respublikanın ərazisi quraq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Əksər göl çalalarının formalaşmasında tektonik hərəkətlərin və bulaqların rolu olmuşdur.

Göllər Dəniz səviyyəsindən hündürlüyü (m) Tutumu (mln. m3)
Göygöl 3065
Salvartı 2843 1,0
Qanlıgöl 2424 1,0
Batabat 2113 1,8

Ərazinin təbii gölləri, əsasən, Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl və Salvartı gölü eyniadlı çayların mənbələrində, Göygöl isə Sakkarsu çayının (Gilançayın sol qolu) mənbəyində, 3065 myüksəklikdə yerləşir. Naxçıvan MR ərazisində 20-yədək göl (əksəriyyətinin sahəsi 10 ha-dan azdır) var. Bir neçə su anbarı (Arpaçay, Uzunoba, Nehrəm, Vayxır, Qahab, Xok və s.) yaradılmış, suvarma kanalları çəkilmişdir. Araz su qovşağı su anbarının bir hissəsi Naxçıvan MR ərazisindədir. Araz çayı üzərində hidrotexniki kompleksin, su anbarlarının, suvarma sisteminin tikilməsi və geniş miqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı xeyli yaxşılaşmışdır.

Sututarlar Dəniz səviyyəsindən hündürlüyü (m) Tutumu (mln. m3)
Arpaçay 959 150
Heydər dəryaçası 1147 100
Bənənyar 1200 15
Uzunoba 1000 9
Sirab 1077 9
Nehrəm 900 6
Xok-1 800 3
Araz 777 1254