Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Püstə

Püstə sumaqkimilər fəsiləsinin püstə cinsinə aid ikievli bitkidir. Toxum, firgəndə(budaqlarını torpağa basdırma) və calaq üsulu ilə artırılır.
Toxumdan yetişdirilən püstə ağacları calaq olunmadığı təqdirdə 7-8 ilə, yaxud sonrakı illərdə çiçəkləmə dövrü başlayır. Bundan sonra ağacın dişi və erkək olması dəqiqliklə məlum olur.
Hündürlüyü təqribən 5-10 metrə çatır.
Çəyirdək meyvəlidir. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsində bol miqdarda zülal, yağ, karbohidrat olduğu üçün qiymətli bitki sayılır. Tərkibində A, B1-B6, C və E vitaminləri, həmçinin Fe, Ca, Mg mövcuddur. Antibiotik təsirə malik olmaqla yanaşı, şəkər xəstəliklərində qandakı şəkərin miqdarını normallaşdırır.
Püstənin uzunömürlü, quraqlığa və şaxtaya davamlı olması  Naxçıvan Muxtar Respublikasının iqlim şəraiti üçün uyğun sayılır. Şoran, gilli, daşlı və qeyri-münbit torpaqda yaxşı inkişaf edir.
Muxtar respublikamızda digər sahələrlə yanaşı meyvəçiliyin də inkişafı barədə qəbul olunmuş dövlət proqramları uğurla davam etdirilir. Belə ki, muxtar respublikamızda Naxçıvan Sement Zavoduna gedən yolun sağ və sol hissələrində 100 hektardan artıq ərazidə püstə bağı salınmışdır. Qeyd edək ki, qarşıya qoyulan vəzifələrin icrası çərçivəsində gələcəkdə də mərhələli olaraq püstə bağının ərazisinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Püstə bağlarının salınması ekoloji tarazlığın qorunması ilə yanaşı, böyük iqtisadi səmərə kəsb edir.